HEYDƏR ƏLİYEV ADINA İDEOLOJİ MƏRKƏZ ULU ÖNDƏRİN İRSİNİ YAŞADIR
Azərbaycan Prezidenti İlham Əliyev sərgi ilə tanışlıqdan sonra parkda yerləşən Heydər Əliyev adına İdeoloji Mərkəzə gəldi.
Müasir səviyyədə tikilmiş mərkəzin direktoru Tariyel Günəşov dövlətimizin başçısına məlumat verərək dedi ki, ümummilli liderimizin həyat və fəaliyyəti ilə bağlı materialların toplanılması və əhali arasında təbliğ olunması məqsədi ilə yaradılmış ideoloji mərkəz 2004-cü il iyunun 15-də, Milli qurtuluş günündə açılmışdır. 40 bölmədən ibarət mərkəzdə Heydər Əliyevin respublika partiya təşkilatına rəhbərlik etdiyi illərdə həyata keçirdiyi tədbirləri, Ağdaşa beş dəfə səfərini, müstəqil respublikamızın Prezidenti kimi xarici siyasətini əks etdirən fotoşəkillər, ümummilli liderimizin Azərbaycanda apardığı iqtisadi islahatlarla, neft strategiyası ilə bağlı materiallar və eksponatlar saxlanılır. Bildirildi ki, mərkəzin yerləşdiyi bu park da vaxtilə Heydər Əliyev Ağdaşda olarkən onun şəxsi göstərişi ilə salınmışdır.
Mərkəzin direktoru vaxt ayırıb buraya gəldiyi üçün Prezidentə təşəkkürünü bildirdi, onun 1981-ci ildə ulu öndərlə birlikdə Ağdaşda olarkən çəkdirdiyi fotoşəkli Heydər Əliyev Fondunda saxlanılmaq üçün Mehriban xanım Əliyevaya xatirə olaraq təqdim etdi. Prezident İlham Əliyevə isə Ağdaşla bağlı xüsusi albom hədiyyə edildi.
Mərkəzdə toplanmış eksponatların və materialların çox dəyərli olduğunu vurğulayan və Heydər Əliyev irsinin yaşadılması, təbliği sahəsində görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:
“Heydər Əliyev adına İdeoloji Mərkəzin ekspozisiyası ilə tanış oldum. Xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən materiallar, nümayiş etdirilən fotoşəkillər gözəl təəssürat bağışlayır. Heydər Əliyevin bütün həyatı Azərbaycan xalqına həsr olunmuşdur. Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
7 iyul 2005-ci il”.