HEYDƏR ƏLİYEV ADINA MƏRKƏZİ MEYDAN YENİDƏN QURULUR
Ağsu şəhərinin mərkəzində ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan meydanda yenidənqurma işlərinə başlanmışdır. Şəhərin ən böyük və ən gözəl istirahət guşəsinə çevriləcək bu ərazi “Fenikc AA” MMC-nin tərtib etdiyi yeni layihə ilə qurulur.
Rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, meydandakı köhnə tikililər artıq sökülür. Meydanın qərbində yerləşən üçmərtəbəli inzibati binanın fasadı, müasir arxitektura elementlərindən istifadə olunmaqla, tam təmir edilmişdir. Ərazidəki mədəniyyət sarayının meydana baxan hissəsi milli memarlıq üslubunda təzədən tikilmişdir. Obyekt yaxınlıqda inşa olunan Heydər Əliyev muzeyi ilə ahəngdarlıq təşkil edir.
Burada ulu öndərimizin tuncdan heykəli ucaldılacaqdır. Meydanın ərazisində üç yerdə fontan tikiləcək, yaşıllıq zolağı salınacaq, yeni işıqlandırma sistemi yaradılacaqdır.