RƏSMİ XRONİKA
HEYDƏR ƏLİYEV FONDU NEFTÇALA ŞƏHƏR İNTERNAT MƏKTƏBİNİ ƏSASLI TƏMİR ETDİRƏCƏKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 23-də şəhid Mehman Səfərov adına Neftçala şəhər internat əsas məktəbi ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, bu məktəbin əsası 1960-cı ildə qoyulmuşdur və indiyədək burada heç bir təmir işi aparılmamışdır. Əsaslı təmirə ehtiyac duyulduğu bu təhsil ocağı 280 yerlik olsa da, hazırda burada 313 şagird təhsil alır. Onların təlim və tərbiyəsi ilə 75 müəllim məşğul olur. İnternat məktəbində əsasən imkansız ailələrin uşaqları təhsil alırlar.
Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə internat məktəbinin sinif otaqlarını, yeməkxanasını, yataqxanasını gəzdi. Bildirildi ki, bu məktəbin əsaslı təmirini Heydər Əliyev Fondu öz öhdəsinə götürmüşdür. Təmirdən sonra burada şagirdlərin təhsili və yaşaması üçün müasir şərait yaradılacaq və məktəb kompyuterlə təmin olunacaqdır.