HEYDƏR ƏLİYEV FONDU ŞUŞALI BİRİNCİLƏRİ SEVİNDİRMİŞDİR
Bunu AZƏRTAC-a Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev bildirmişdir. Onun sözlərinə görə, Fond bu il birinci sinfə gedəcək 232 uşağa məktəbli çantası da daxil olmaqla bütün lazımi dərs ləvazimatlarından ibarət bağlama hədiyyə etmişdir. Valideynlər şagirdlərin məktəbli geyiminə də xərc çəkməyəcəklər. Bu qayğı və diqqətə görə qurumun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.
T.Əliyev demişdir ki, respublikanın müxtəlif yaşayış məntəqələrində rayonun 24 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu təhsil ocaqlarında 549 müəllim çalışır. Yeni tədris ili ərəfəsində onların bir çoxu, o cümlədən birinci sinifdə dərs deyəcək 27 müəllim ixtisasartırma kurslarında olmuş və müvafiq sertifikat almışdır. Artıq məktəblərimizə 6 mindən yuxarı pulsuz dərslik, 4 fənn üzrə elektron dərslik, 19 adda xəritə, 14 məktəbə isə kompyuter dəsti çatdırılmışdır. Ehtiyacı olan təhsil ocaqlarına parta, şkaf, yumşaq stul verilmişdir. Birincilər üçün yeni kurrikulum əsasında çap edilmiş kitabları isə yaxın günlərdə alacağıq.
Xatırladım ki, bu il 19 məktəbimizdə buraxılış olmuşdur. Ali təhsil ocaqlarına qəbul üçün ərizə vermiş 135 məzunumuzun 28-i müxtəlif universitetlərin tələbəsi adını qazanmışdır. Şəhər 2 nömrəli orta məktəbin məzunları Aysel Ağayeva və Vüsal Mədətov müvafiq olaraq 655 və 524 bal toplayaraq Azərbaycan Dillər Universitetinə qəbul olunmuşlar. Bu nəticələrin daha da yaxşılaşdırılması üçün tədrisin keyfiyyətini yüksəldəcək, şagirdlərin qabiliyyət və bacarıqlarını artırmaq hesabına şöbədə yaradılmış istedad bankını zənginləşdirəcəyik.