HEYDƏR ƏLİYEV MUZEYİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 26-da Xaçmazda ümummilli lider Heydər Əliyevin xatirəsinə yaradılmış muzeylə tanış olmuşdur.
Heydər Əliyev parkında müasir tələblərə uyğun yaradılmış və bu il mayın 10-da istifadəyə verilmiş muzey altı guşədən ibarətdir. Burada ulu öndərin ailəvi şəkilləri, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən respublikada kənd təsərrüfatının, sənayenin inkişafı üçün gördüyü işlərə dair fotoşəkillər, habelə Xaçmaz rayonuna səfərini, Xudat konserv zavodunun əməkçiləri ilə görüşünü, Nabran-Yalama zonasının ümumittifaq kurort zonasını çevirmək məqsədi ilə 1982-ci ildə rayona növbəti səfərini, müstəqil Azərbaycanın Prezidenti kimi 1998-ci ildə Xaçmazda olmasını, dünya aparıcı dövlətlərinin başçıları ilə görüşlərini əks etdirən fotoşəkillər nümayiş olunur. Ulu öndərimizin həyat və fəaliyyətinə həsr olunmuş kitablardan, dövlətimizin başçısı İlham Əliyevin 2003-2004-cü illərdə rayona səfərləri zamanı çəkilmiş fotoşəkillərdən ibarət guşələr də diqqəti cəlb edir.
Dövlətimizin başçısı muzeyin ayrı-ayrı guşələri ilə maraqla tanış oldu, xatirə kitabına öz ürək sözlərini yazdı:
“Heydər Əliyev muzeyinin ekspozisiyası ilə tanış oldum. Muzeydə Heydər Əliyevin həyat və fəaliyyəti fotoşəkillərdə və başqa eksponatlarda əks olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi irsinin öyrənilməsi və tədqiqi gələcək nəsillərin tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.
Xalqa sədaqətlə xidmət etmək, onun qayğıları ilə yaşamaq, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək Heydər Əliyevin fəaliyyətinin əsas prinsipləri idi. Bu gün bu siyasət Azərbaycanda davam etdirilir və bundan sonra da əbədi yaşayacaqdır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
25 iyul 2005-ci il”.
Muzeydən xatirə olaraq Heydər Əliyev Fonduna muzeyin maketi və rəsm əsəri təqdim edildi.
Sonra Prezident İlham Əliyev muzeyin həyətində yerli rəssamların əsərlərindən ibarət sərgiyə baxdı. Beynəlxalq və respublika səviyyəli müsabiqələrdə mükafatlara layiq görülmüş müxtəlif janrlarda çəkilmiş bu əl işləri böyük maraq doğurdu.