HEYDƏR ƏLİYEV MUZEYİNİN AÇILIŞI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 25-də Qubada ümummilli lider Heydər Əliyev muzeyinin açılışında iştirak etmişdir.
7 hektar ərazini əhatə edən Heydər Əliyev parkında yaradılmış muzeydə ulu öndərin 1970-80-ci illərdə və 1998-ci ildə Qubaya səfərlərini əks etdirən, o cümlədən ümummilli liderimizin özünün təşəbbüsü ilə salınmış palmet meyvə bağları ilə tanışlıq zamanı, habelə ailəvi çəkilmiş fotoşəkillər nümayiş olunur.
Muzeyin direktoru Elza Orucova bildirdi ki, Prezident İlham Əliyevin 2003-cü ildə Qubada Olimpiya İdman Kompleksinin açılışında iştirakı qubalıların xatirəsində əbədi qalmışdır.
Dövlətimizin başçısı muzeyin “Sülhə aparan yollar”, “Məkkəni ziyarət”, “Avropa Şurası və Azərbaycan”, “Dostluq sərhədləri aşır” guşələri ilə maraqla tanış oldu.
Prezident İlham Əliyevə muzeylə tanışlıqdan xatirə olaraq albom təqdim edildi.
Dövlətimizin başçısı muzeyin xatirə kitabına öz ürək sözlərini yazdı:
“Heydər Əliyev muzeyinin ekspozisiyası ilə tanış oldum. Xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti burada nümayiş etdirilən şəkillərdə əks olunur.
Heydər Əliyev müxtəlif dövrlərdə Qubada dəfələrlə olmuş və çoxsaylı görüşlər keçirmişdir. Azərbaycanın qədim şəhəri olan Qubaya və qubalılara həmişə böyük diqqət göstərirdi.
Heydər Əliyevin siyasəti bu gün də yaşayır və əbədi yaşayacaqdır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
25 iyul 2005-ci il”.