HEYDƏR ƏLİYEV PARKINDA QUBA RAYONUNUN SAKİNLƏRİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 25-də Qubadakı Heydər Əliyev parkında rayonun sakinləri ilə görüşmüşdür.
Görüşü Rayon ağsaqqallar şurasının sədri Günəş Həsənli açdı.
RAYON AĞSAQQALLAR ŞURASININ SƏDRİ
GÜNƏŞ HƏSƏNLİNİN ÇIXIŞI
- Möhtərəm cənab Prezident,
Sizin hər gəlişiniz Qubada böyük sevincə səbəb olur və tarixi hadisə kimi qeyd edilir.
Hörmətli Prezident, ulu öndərimiz Heydər Əliyevlə bağlı Qubada xatirələr çoxdur. Mənə də qismət olub ki, möhtərəm Heydər Əliyevlə bir dövrdə yaşayıb işləmişəm. Həmin dövr Qubanın çiçəklənməsi dövrü idi, yeni bir həyat tərzi yaranmışdı. O vaxt Quba rayonunda 20 min hektara yaxın intensiv bağ salınmış, insanların həyat səviyyəsi xeyli yüksəlmiş, maddi tələbat demək olar ki, təmin edilmişdi. Yüksək sənaye bağçılığı inkişaf etdirilmiş, böyük nailiyyətlər əldə olunmuşdu. 1970-ci illərə kimi Qubada hər hektar bağdan 19 sentner məhsul alınırdısa, intensiv bağçılığın tətbiqi nəticəsində məhsuldarlıq birdən-birə ən yüksək səviyyəyə çatmışdı. Hətta elə bağlar var idi ki, məhsuldarlıq 500 sentnerə çatmışdı. Heyvandarlıq sahəsində də xeyli irəliləyiş əldə edilmişdi. Lakin əldə olunmuş bu müvəffəqiyyətlər məlum hadisələr nəticəsində bir il ərzində, demək olar, tamamilə itirilmiş, ölkə pis vəziyyətə düşmüşdü. O cümlədən Quba rayonu da belə vəziyyətdə idi.
Sizin həyata keçirdiyiniz siyasət nəticəsində, demək olar ki, bütün sahələrdə irəliləyiş əldə edilmişdir. İş adamlarımız yaradılmış şəraitdən düzgün istifadə edərək, bütün sahələrdə müvəffəqiyyətlər qazanır, insanların maddi vəziyyətinin yaxşılaşdırılması üçün hər cür imkanlardan istifadə edirlər. Bu gün biz iftixar hissi ilə deyə bilərik ki, ölkədə sosial-iqtisadi problemlərin həll olunması, Heydər Əliyev siyasətinin düzgün həyata keçirilməsi camaatımızın ürəyindəndir.
Cənab Prezident, qarşıda ölkəmizi mühüm siyasi hadisə gözləyir. Bu da ölkə parlamentinə seçkilərdir. Quba camaatı Sizi əmin edir ki, bu seçkilərdə layiqli oğul və qızlarımıza səs verəcək və biz dövlətimizin möhkəmlənməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik.
Cənab Prezident, fürsətdən istifadə edib, Sizə və Mehriban xanım Əliyevaya müraciət edirəm. Quba camaatı arzu edir ki, Mehriban xanım Milli Məclisdə bizim nümayəndəmiz olsun. Razılıq versin ki, seçicilərimiz adından deputatlığa namizədliyini irəli sürək. Bu, bütün bizim camaatın arzusudur və bu barədə rəsmi surətdə müraciət eləmişik. İndi də şifahi xahiş edirik.
Cənab Prezident, Siz Heydər Əliyev xəttini düzgün həyata keçirərək, xarici və daxili siyasətdə böyük uğurlar qazanırsınız. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə salınması bu siyasətin tarixi nümunəsidir. Bu kəmər bəşəriyyətə Süveyş kanalının verdiyi mənfəətdən daha çox mənfəət verəcəkdir. Biz buna əminik və bu kəmər Azərbaycanı hər cəhətdən daha yüksəklərə qaldıracaqdır.
Cənab Prezident, Sizə uzun ömür, cansağlığı arzu edirik. Qubalılar həmişə Sizin ətrafınızda sıx birləşirlər.
Yaşasın bizi qələbələrə, firavan həyata aparan Prezidentimiz cənab İlham Əliyev!
Müstəqil Azərbaycan Respublikasına eşq olsun!
X X X
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə nitq söylədi.