RƏSMİ XRONİKA
HEYDƏR ƏLİYEV RUSİYA SƏFİRİNİ QƏBUL ETMİŞDİR
Gəncədə və onun ətrafında baş verən hadisələrdən hədsiz narahat olduğunu söyləyən Rusiya səfiri münaqişənin dinc yolla aradan qaldırılacağına ümid etdiyini bildirmişdir. V.Şoniya demişdir ki, Rusiya Azərbaycanı demokratik və suveren dövlət kimi görmək istəyir, onunla mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyə can atır. Səfirin fikrincə, Azərbaycan Respublikası Ali Sovetinin sədri Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması üçün mümkün olan hər şeyi edəcəkdir.
H.Əliyev səfirə Azərbaycanda yaranmış gərgin vəziyyət haqqında məlumat verərək demişdir ki, indi qarşımızda duran əsas vəzifə qardaş qırğınının qarşısını almaq, torpaqlarımızın bütövlüyü və respublikanın suverenliyi uğrunda mübarizə aparmaqdır. Biz Rusiya ilə əlaqələrin dərinləşdirilməsinə və genişləndirilməsinə tərəfdarıq. Şimal qonşumuzla əlaqələrimiz qarşılıqlı maraq və mənafelər nəzərə alınmaqla inkişaf etdirilməlidir. H.Əliyev demişdir ki, qarşıya çıxan problemlərin sivilizasiyalı həllinə nail olmaq ən düzgün yoldur.
Sonra V.Şoniya Azərbaycanda baş verən hadisələrlə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin bəyanatını təqdim etmişdir.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri