MƏDƏNİYYƏT
Heydər Əliyev Sarayında növbəti konsert - “Bu dünya nərdivandır” adlanır
Bakı, 30 oktyabr, AZƏRTAC
Gələn ilin yanvarın 13-də Heydər Əliyev Sarayında Azərbaycanın klassik estrada müğənnisi, Əməkdar artist Teymur Əmrahın solo konserti olacaq.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Bu dünya nərdivandır” adlı konsert proqramında Teymur Əmrah repertuarında yer alan və musiqisevərlər tərəfindən tanınan, sevilən, populyarlıq qazanan mahnıları səsləndirəcək.
Uzun fasilədən sonra yenidən Heydər Əliyev Sarayında pərəstişkarları qarşısında çıxış edəcək müğənni konsertdə həmçinin, görkəmli bəstəkarlar Rauf Hacıyev, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımi, Elza İbrahimovanın unudulmaz əsərlərini, retro mahnıları ifa edəcək.
Konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.