Bəşir Hacıyev: Kəlbəcərdə arıçılıq, heyvandarlıq və əkinçilik üzrə sahibkarlıq təşəbbüsləri genişləndirilir
Zəngilan, 12 iyun, AZƏRTAC
Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı üzrə 2026-2030-cu illər üçün Dövlət Proqramı ölkəmizin qeyri-neft sektorunun inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və regionların iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına xidmət edən mühüm strateji sənəddir. Dövlət Proqramı Kəlbəcərin mövcud potensialı baxımından da xüsusi əhəmiyyət daşıyır. Rayonumuz zəngin su ehtiyatları, geniş otlaq və yaylaq sahələri, eləcə də ekoloji cəhətdən təmiz mühiti ilə kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq və balıqçılıq sahələrinin inkişafı üçün əlverişli imkanlara malikdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Dövlət Proqramının müzakirəsi məqsədilə Zəngilanda keçirilən regional müşavirədən sonra jurnalistlərə açıqlamasında Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.
O qeyd edib ki, hazırda Kəlbəcərdə arıçılıq, heyvandarlıq, quşçuluq və əkinçilik istiqamətlərində sahibkarlıq təşəbbüsləri üzrə işlər aparılır. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər bu layihələrin genişlənməsinə, yeni investisiyaların cəlbinə və məşğulluğun artırılmasına əlavə stimul verəcək.
“Hesab edirəm ki, proqram çərçivəsində Kəlbəcərin aqrar və akvakultura potensialının daha səmərəli istifadəsi rayonun sosial-iqtisadi inkişafına və əhalinin dayanıqlı məskunlaşmasına mühüm töhfə verəcək”, - deyə o əlavə edib.