Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır
Bakı, 12 iyun, AZƏRTAC
107 il əvvəl cəmi iki fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan Bakı Dövlət Universiteti (BDU) bu gün regionun aparıcı ali təhsil müəssisələrindən birinə çevrilib. 25 mindən artıq tələbənin təhsil aldığı, 1500 nəfərlik professor-müəllim heyətinin çalışdığı ali təhsil müəssisəsi kimi BDU təkcə ölkəmizdə deyil, regionun aparıcı universiteti kimi sürətlə inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU-nun “Məzun günü”ndə deyib. O bildirib ki, təhsilin keyfiyyəti yüksəlir, yeni təlim texnologiyaları tətbiq olunur, elmi tədqiqatların əhatəsi genişlənir: “Yeni idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində ardıcıl islahatlar aparılır. Hər il BDU-nun minlərlə məzunu yüksəkixtisaslı kadr kimi əmək fəaliyyətinə başlayır. Məzunlarımız dövlət təşkilatlarında, iri sənaye müəssisələrində, beynəlxalq təşkilatlarda, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni həyatında uğurla təmsil olunur, öz bilik və bacarıqları ilə seçilirlər. Bu gün doğma Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə yüzlərlə BDU məzunu peşəkar mütəxəssis kimi öz töhfəsini verir. Hər il "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" əsasında onlarla BDU məzunu nüfuzlu xarici universitetlərə yollanır. Bütün bunlar Bakı Dövlət Universitetində formalaşmış güclü ənənələrin, yüksək təhsil mühitinin göstəricisidir”.
Rektor qeyd edib ki, 5 il əvvəl dünya universitetləri reytinqində top 1500-də qərarlaşan BDU artıq ilk 700-dədir: “Sabah ilk 600-də qərarlaşacaq. Əminik ki, yaxın gələcəkdə ilk 500-də, hətta daha yüksəklərdə yer alan, güclü elm-təhsil mərkəzləri sırasında öz layiqli mövqeyini möhkəmləndirən və dünya universitetləri ilə çiyin-çiyinə dayanan bir ali təhsil ocağına çevriləcək. Bu yüksəliş yalnız rəqəmlərin dəyişməsi deyil, həm də sistemli inkişafın, elmi potensialın və beynəlxalq rəqabət qabiliyyətinin göstəricisidir. BDU hər zaman öz missiyasına sadiq qalaraq cəmiyyətə savadlı, vətənpərvər, məsuliyyətli və təşəbbüskar gənclər bəxş edib. Bu gün də bu missiya davam edir. Əminik ki, harada çalışmalarından asılı olmayaraq, BDU məzunları dövlətimizə, xalqımıza layiq vətəndaşlar kimi xidmət edəcək, Bakı Dövlət Universitetinin adını daim uca tutacaq, qazandıqları bilik və bacarıqlarla cəmiyyətimizə fayda verəcək, valideynlərin, müəllimlərin və dövlətimizin ümidlərini doğruldacaqlar. Universitet hər zaman sizin doğma eviniz, uğurlarınızın başlanğıc nöqtəsi və qürur mənbəyiniz olaraq qalacaq”.
Sonra tələbələrin ifasında BDU-nun himni səsləndirilib.