Xüsusi qabiliyyət imtahanlarının keçirilmə qrafiki açıqlanıb
Bakı,12 iyun, AZƏRTAC
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının ilkin keçirilmə qrafiki müəyyən olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, iyunun 22-dən etibarən ali təhsil pilləsi üzrə təsviri sənət istiqamətinin 15-ci komissiyası, idman istiqamətinin 62-ci komissiyası, eləcə də teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin 53-cü komissiyası üzrə qabiliyyət imtahanları keçiriləcək. İdman istiqaməti üzrə 61-ci komissiya (birinci mərhələ imtahanları olan şahmat, karate, boks, sambo, taekvondo, həndbol, futbol, cüdo, stolüstü tennis, voleybol, sərbəst və yunan-Roma güləşi ixtisasları), həmçinin 62 və 63-cü komissiyalar, təsviri sənət istiqaməti üzrə 14-15-ci komissiyalar, teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin 53-cü komissiyası üzrə qeydiyyatdan keçən abituriyentlər və subbakalavrlar “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın tarixi, vaxtı və keçiriləcəyi ünvan göstərilir. Abituriyentlər imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini və “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni mütləq təqdim etməlidirlər. İdman istiqaməti üzrə imtahanda iştirak edəcək şəxslərdən idman geyimi, həmçinin U086 formalı sağlamlıq haqqında tibbi arayış tələb olunur. Arayışın “peşəyə yararlığı haqqında həkim rəyi” hissəsində “yararlıdır” və ya “sağlamdır” qeydi olmalıdır. Xoreoqrafiya sənəti ixtisası üzrə imtahana qatılan abituriyentlər rəqs geyimi və sağlamlıq haqqında tibbi arayış təqdim etməlidirlər. Musiqi müşayiəti üçün istifadə olunacaq faylların mobil telefonda gətirilməsinə icazə verilmir. Abituriyentlər musiqi fayllarını fləş-kart və ya diskdə təqdim etməlidirlər. Yaddaş qurğusuna yazılmış faylın texniki vəziyyətinə görə məsuliyyəti abituriyentin özü daşıyır.
Qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, müsabiqə şərtləri və digər zəruri məlumatlarla “Abituriyent” jurnalının “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənəti”, “İdman”, “Təsviri sənət”, “Memarlıq” və “jurnalistika/İslamşünaslıq” istiqamətləri üzrə 2026-cı il xüsusi buraxılışlarında tanış olmaq mümkündür. Komissiyalar üzrə imtahan tarixləri və buraxılış vərəqələri mərhələli şəkildə, imtahana ən azı 5 gün qalmış abituriyentlərin qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçdikləri şəxsi səhifələrinə yerləşdiriləcək.
Qeyd edək ki, musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına iyulun 1-dən başlanılacaq.