Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur
Zəngilan, 12 iyun, AZƏRTAC
Azərbaycanda kənd təsərrüfatının inkişafında yeni yanaşma formalaşır. Yeni Dövlət Proqramı çərçivəsində aqrar sahədə əvvəlki subsidiyalaşdırma mexanizmindən fərqli olaraq, daha çox intensiv istehsala, məsrəf səmərəliliyinə və ixracyönümlü məhsul istehsalına əsaslanan model tətbiq edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Zəngilanda jurnalistlərə müsahibəsində Ağdam, Füzuli, Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
O qeyd edib ki, kənd təsərrüfatının inkişafında dövlət dəstəyi ilə yanaşı, özəl sektorun fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma aqrar fəaliyyətlərin yalnız istehsal mərhələsi ilə məhdudlaşmamasını, eyni zamanda, emal, qablaşdırma, saxlanma, logistika və ixracı əhatə edən tam dəyər zənciri üzrə inkişaf etdirilməsini nəzərdə tutur.
Emin Hüseynovun sözlərinə görə, ölkə üzrə 95 min hektardan artıq əkinəyararlı torpaq sahəsinin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulur. Bu sahələrin 50 min hektarı investisiya layihələri çərçivəsində sahibkarlara ayrılıb, təxminən 24 min hektarı isə hələ də istifadəyə cəlb olunmayıb. Bu göstəricilər aqrar sektor üzrə yeni investisiya imkanlarının geniş olduğunu göstərir və özəl sektorun bu prosesdə daha fəal iştirakını zəruri edir.