NATO: ABŞ-nin Avropadakı hərbi gücünü azaltması Alyansı uzunmüddətli perspektivdə gücləndirəcək
Bakı, 12 iyun, AZƏRTAC
NATO bəyan edib ki, ABŞ-nin Avropadakı hərbi gücünü azaltması Alyansı uzunmüddətli perspektivdə gücləndirəcək.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, NATO-nun sözçüsü Ellison Hart ABŞ-nin Avropadakı əməliyyatlar üçün ayrılan təyyarə və hərbi gəmilərin sayını azaldacağını təsdiqləyərək, bu addımın Alyansı gələcəkdə daha dayanıqlı bir təməl üzərinə qoyacağını bildirib.
“The New York Times” qəzetinin iki yüksəkvəzifəli Avropa rəsmisinə istinadla verdiyi məlumata görə, ABŞ NATO-nun Avropadakı əməliyyatlarına ayırdığı təyyarə və hərbi gəmilərin sayını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.
Məqalədə bildirilir ki, NATO-ya ayrılan F-16 və F-15E qırıcı təyyarələrinin sayı təxminən 150-dən 100-ə, dəniz müşahidə təyyarələrinin sayı 26-dan 15-ə endiriləcək. Həmçinin səkkiz hava yanacaqdoldurma təyyarəsi tamamilə geri çəkiləcək.
Qəzet qeyd edir ki, əvvəllər Avropanı müdafiə etmək üçün təyin olunmuş iki bombardmançı qrupdan birinin başqa bir bölgəyə köçürüləcəyi, raketdaşıyan sualtı qayıq və təyyarədaşıyan gəminin ayrı bir dislokasiya yerinə aparılacağı nəzərdə tutulur.
NATO-nun sözçüsü Ellison Hart məsələ ilə bağlı bildirib: “NATO-nun müdafiə planları bizə lazım olan qüvvələri və imkanları müəyyənləşdirir. Alyansın Qüvvə Modeli milli qüvvələrin töhfəsi üçün ümumi çərçivəni təmin edir”.
Hart əvvəllər ABŞ qüvvələrinə və imkanlarına həddindən artıq güvənməyin faydalarını vurğulamışdı, lakin Avropa və Kanada müdafiəyə daha çox sərmayə qoyduqca və daha çox imkanlar yarandıqca, məsuliyyət balansı dəyişə bilər.
O bildirib: “Bu dəyişiklik tək bir müttəfiqdən həddindən artıq asılılığı azaltmaqla, həm də NATO-nun müdafiə planlarını gücləndirəcək, Alyans daxilində daha geniş imkanlar yaradacaq. Söhbət NATO-nu onilliklər ərzində daha dayanıqlı bir təməl üzərinə qoymaqdan gedir”.
Hart, həmçinin ABŞ Avropa Komandanlığının (EUCOM) iyunun 3-də verdiyi açıqlamaya da istinad edib. Həmin açıqlamada EUCOM Vaşinqtonun NATO Qüvvə Modelinə töhfələrini azaldacağını və Avropanın ənənəvi müdafiə üçün daha böyük məsuliyyət daşıyacağını gözlədiyini qeyd etmişdi.