BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi
Bakı, 12 iyun, AZƏRTAC
Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olan Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında əməkdaşlıq çərçivəsində yeni akademik imkan yaradılıb. Birgə təşəbbüs əsasında PKTU-BMU Mühəndislik fakültəsi təsis olunub və bu ildən etibarən fakültəyə tələbə qəbulu həyata keçiriləcək.
BMU-dan AZƏRTAC-a bildirilib ki, yeni fakültənin əsas üstünlüklərindən biri beynəlxalq ikili diplom proqramıdır. Proqrama qəbul olunan və akademik tələbləri uğurla yerinə yetirən tələbələr təhsillərinin üç ilini Azərbaycanda, bir ilini isə Çində davam etdirərək həm BMU-nun, həm də PKTU-nun diplomlarını əldə etmək imkanı qazanacaqlar. Fakültədə müasir dövrün və əmək bazarının tələblərinə uyğun olaraq kompüter elmləri, kimya, biotexnologiya və mexanika mühəndisliyi istiqamətləri üzrə kadr hazırlığı aparılacaq. Tədris prosesinin hər iki universitetin yüksəkixtisaslı professor-müəllim heyətinin iştirakı ilə təşkil olunması nəzərdə tutulur. Tələbələr birgə elmi-tədqiqat layihələrində iştirak etmək, akademik mübadilə proqramlarından yararlanmaq, innovativ texnologiyalarla işləmək və beynəlxalq elmi mühitdə təcrübə qazanmaq imkanı əldə edəcəklər.
Qeyd olunub ki, yeni fakültənin yaradılması Azərbaycan və Çin arasında ali təhsil sahəsində əməkdaşlığın genişlənməsində mühüm mərhələdir. İkili diplom proqramı və beynəlxalq təcrübəyə əsaslanan təhsil modeli tələbələr üçün qlobal akademik və peşəkar mühitdə rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmağa geniş imkanlar yaradır. PKTU-BMU Mühəndislik fakültəsi gələcəyin texnologiyalarını mənimsəyən, innovativ düşüncəyə malik və yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasına xidmət edəcək.