Siyasi şərhçi: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə vizyonunu rəsmiləşdirib
Bakı, 12 iyun, AZƏRTAC
Şuşa Bəyannaməsi İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda Azərbaycan ilə Türkiyə arasında münasibətlərin daha da dərinləşdirilməsi və institusional əsaslarla möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənəd iki qardaş ölkə arasında mövcud olan strateji tərəfdaşlığı daha yüksək səviyyəyə qaldıraraq münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirib.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov bildirib.
Onun sözlərinə görə, 2021-ci il iyunun 15-də Azərbaycanın ən yaxın müttəfiqi və dost ölkəsi olan Türkiyə ilə Şuşa Bəyannaməsi imzalanıb. Həmin dövrdə bəzi xarici qüvvələr və Azərbaycan–Türkiyə münasibətlərinə skeptik yanaşan dairələr sənədi simvolik xarakterli hesab edir, onun yaratdığı perspektivləri kifayət qədər ciddi qəbul etmirdilər. Şuşa Bəyannaməsinin imzalanmasından əvvəl də Azərbaycan ilə Türkiyə arasında münasibətlər yüksək səviyyədə olub, tərəflər siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə sıx əməkdaşlıq həyata keçiriblər. Şuşa Bəyannaməsinin imzalanmasına əsas zərurət İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni reallıqlarla bağlı idi. Keçmiş Qarabağ münaqişəsinin həllindən sonra Cənubi Qafqazda tamamilə yeni geosiyasi vəziyyət formalaşıb və bu şəraitdə Azərbaycan–Türkiyə münasibətlərinin yeni mərhələdə hüquqi-siyasi əsaslarla rəsmiləşdirilməsinə ehtiyac yaranıb. Şuşa Bəyannaməsi iki ölkə arasında siyasi, iqtisadi, mədəni, hərbi, enerji, nəqliyyat, təhlükəsizlik və digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün strateji yol xəritəsi rolunu oynayıb. Sənədin imzalanmasından sonra həmin müddəalara uyğun olaraq çoxsaylı görüşlər keçirilib, yeni sənədlər imzalanıb və əməkdaşlığın institusional mexanizmləri daha da möhkəmləndirilib.
“Şuşa Bəyannaməsinin yaratdığı siyasi dinamika nəticəsində mühüm proseslər baş verib. Həmin proseslərin ən vacib nəticələrindən biri Türk Dövlətləri Təşkilatının formalaşması olub. 2009-cu ildən fəaliyyət göstərən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2021-ci ildən etibarən yeni mərhələyə qədəm qoyaraq Türk Dövlətləri Təşkilatına çevrilib. Yüz milyonlarla insanı bir araya gətirən bu beynəlxalq təşkilatın formalaşmasında Azərbaycan və Türkiyə əsas təşəbbüskar dövlətlər kimi çıxış ediblər. Bu baxımdan Şuşa Bəyannaməsi Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsində mühüm rol oynayıb. Sənəd Azərbaycan ilə Türkiyə arasında siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində strateji əməkdaşlığın əsas çərçivəsini müəyyən edib”, - deyə X.Bəşirov vurğulayıb.
O qeyd edib ki, Şuşa Bəyannaməsi, eyni zamanda, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə ciddi töhfə verib. Sənəd Azərbaycan-Türkiyə münasibətlərinə şübhə ilə yanaşan qüvvələrə də mühüm mesaj olub. Azərbaycan və Türkiyə arasında münasibətlər sıradan dövlətlərarası əməkdaşlıq deyil, ortaq tarixə, mədəniyyətə, milli-mənəvi dəyərlərə və eyni zamanda, uzaqgörən dövlətçilik siyasətinə əsaslanan müttəfiqlik modelidir. Bu münasibətlərin formalaşmasında iki ölkə rəhbərliyinin nümayiş etdirdiyi siyasi iradə və müdrik siyasət mühüm rol oynayıb.
Siyasi şərhçinin fikrincə, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqliyinin daha da inkişaf etdirilməsi, yüksəksəviyyəli strateji əməkdaşlığın möhkəmləndirilməsi və regionda sabitliyin təmin olunması məqsədilə imzalanmış tarixi sənəddir. Şuşa Bəyannaməsi təkcə Azərbaycan–Türkiyə münasibətlərində deyil, bütövlükdə Cənubi Qafqaz regionunun təhlükəsizliyi, sabitliyi və sülh gündəliyində mühüm rol oynayan strateji sənəd kimi tarixə düşüb.