“Səməd Vurğun poeziyasının dili” mövzusunda elmi sessiya təşkil olunub
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə “Səməd Vurğun poeziyasının dili” mövzusunda elmi sessiya keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Açılış nitqi ilə çıxış edən Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi, görkəmli dramaturq və ictimai xadim Səməd Vurğunun 120 illik yubileyinin keçirilməsi ilə bağlı 2026-cı il 23 fevral tarixli Sərəncamına əsasən keçirilir.
Nadir Məmmədli çıxışında Səməd Vurğunun yaradıcılığı, zəngin ədəbi irsi, əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə olunması və onun həyata keçirdiyi tərcümə fəaliyyəti haqqında danışıb. Professor bildirib ki, Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğun Azərbaycan ədəbi dilinin inkişafında və milli poeziyanın zənginləşməsində mühüm rol oynayıb. Onun əsərlərində klassik və xalq poeziyasının üslub xüsusiyyətləri üzvi şəkildə vəhdət təşkil edir. Şairin dilə münasibəti və dil siyasəti ilə bağlı baxışları publisistik yaradıcılığında da aydın şəkildə öz əksini tapıb. Səməd Vurğun dilin qorunması, inkişafı və əlifba məsələlərinə xüsusi diqqət yetirib, milli dilin saflığını və zəngin poetik imkanlarını daim ön planda saxlayıb.
Nadir Məmmədli vurğulayıb ki, Səməd Vurğun dünənin deyil, bu günün və sabahın da şairidir. Aradan 120 il keçməsinə baxmayaraq, onun poeziyası öz aktuallığını qoruyur, şeirləri isə hələ də geniş oxucu kütləsinin yaddaşında və qəlbində yaşayır.
Sessiyada Səməd Vurğun irsinin dil və üslub xüsusiyyətlərinə həsr olunmuş məruzələr dinlənilib.
Filologiya elmləri doktoru, dosent Valeh Nəsibov “Səməd Vurğun və aşıq poeziyası” mövzusunda məruzəsində şair yaradıcılığının folklor qaynaqlarını araşdırıb, aşıq poeziyasının janr, obrazlar sistemi və poetik ifadə vasitələrinin Səməd Vurğun sənətində təzahür formalarını elmi müstəvidə təhlil edib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov “Səməd Vurğunun əsərlərində onomastik vahidlərin bədii xüsusiyyətləri” mövzusunda məruzəsində müəllifin poetik mətnlərində işlənən antroponim, toponim və digər onomastik vahidlərin semantik yükü, üslubi funksiyası və bədii mətnin məzmun-struktur təşkilindəki rolu barədə fikirlərini bölüşüb. Bildirib ki, şairin əsərlərində işlədilən antroponimlərin xüsusiyyətlərinin öyrənilməsində əsas məqsəd müəllifin ad seçməsini və həmin adlara ümumxalq münasibətini, onların üslubi funksiyalarını müəyyənləşdirməkdən ibarətdir. Aygün, Əmirxan, Elyar adları xarakterə uyğun seçilən adlardır. Şairin “Vaqif”, “Fərhad və Şirin”, “Xanlar” dramları, “Aygün”, “Bəsti”, Xumar” əsərlərinin adları göstərir ki, yazıçı əsərləri adlandırarkən sözlərin apelyativliyindən - antroponimlərdən istifadə edib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə İsmayılova “Xalq şairi Səməd Vurğunun publisistikasında Azərbaycan dili və əlifbası məsələləri” mövzusunda çıxış edərək sənətkarın publisistik irsində ana dilinin statusu, əlifba islahatları və milli dil siyasəti ilə bağlı mülahizələrinin elmi-nəzəri əhəmiyyətini diqqətə çatdırıb.
Kiçik elmi işçi Fatimə Fətullayevanın “Səməd Vurğun poeziyasında xalq dili elementləri və onların funksiyası” mövzusunda məruzəsində isə şairin poetik dilində xalq danışıq dilinə məxsus leksik, frazeoloji və sintaktik vahidlərin işlənmə xüsusiyyətləri araşdırılıb, həmin elementlərin mətnin ekspressivliyi, obrazlılığı və milli koloritinin formalaşmasındakı rolu təhlil olunub.
Tədbirdə professor Mahmud Allahmanlı, şairlər Avdı Qoşqar, Ramiz Göyüşov, Zaməddin Həmişəyev çıxış edərək bildiriblər ki, bu tədbir Dilçilik İnstitutunun Səməd Vurğun irsinə münasibətidir.
Sonda aşıqlar Coşğun Rəhimov və Nurəddin Eminovun ifaları dinlənilib.