Mert Özdeş: İstanbul Bəyannaməsi yeni geosiyasi reallığı dünyaya elan edən kritik sənəddir
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə qəbul edilən İstanbul Bəyannaməsi qlobal sistemin çoxsaylı böhranlar, qaynar münaqişələr və tədarük zəncirindəki qırılmalarla sarsıldığı bir dövrdə dünyaya regional sahiblik mesajını verib. Dünyanın diqqətinin xroniki böhranlarda olduğu bir vaxtda, Cənubi Qafqazdakı bu tərəfdaşlıq regional problemlərin xarici müdaxilələrlə deyil, region ölkələrinin öz iradəsi ilə həll edilə biləcəyini nümayiş etdirib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Kıbrıs Raporu” Xəbər Agentliyinin Baş redaktoru, siyasi şərhçi Mert Özdeş deyib.
O qeyd edib ki, Bəyannamədə ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına yönəlmiş vurğu, revizionist qlobal aktorlara qarşı beynəlxalq hüququn aliliyini xatırladan güclü bir manifestdir. Uzun müddətdir uğurla fəaliyyət göstərən bu üçtərəfli mexanizm, hər üç ölkə üçün əvəzolunmaz strateji qalxan halına gəlib. Belə ki, sənəddə yalnız ənənəvi hərbi təhdidlərə qarşı deyil, kiberhücumlar, hibrid təhdidlər və beynəlxalq mütəşəkkil cinayətkarlıq kimi XXI əsrin asimmetrik təhlükəsizlik risklərinə qarşı da ortaq müdafiə və kəşfiyyat refleksinin yaradılacağı bəyan edilib. Üç ölkə geosiyasi risklərlə təkbaşına mübarizə aparmaq əvəzinə, diplomatik və təhlükəsizlik sahəsində bir-birilərini gücləndirirlər. Bu Bəyannamə, həmçinin üç ölkənin ticarət və enerji təchizatının mühüm ittifaqa çevrilməsinə şərait yaradır. Şərq-Qərb Orta Dəhlizi və tam gücü ilə fəaliyyət göstərən Bakı-Tbilisi-Qars dəmiryolu Asiya ilə Avropa arasında ən təhlükəsiz və səmərəli xətt kimi təsdiqlənib. Bakı-Tbilisi-Ceyhan boru kəməri və TANAP strateji rolu möhkəmlənərkən, Bəyannamədə ilk dəfə güclü şəkildə vurğulanan "Yaşıl Enerji Dəhlizləri" və bərpaolunan enerji əməkdaşlığı, bu üç ölkəni qlobal iqlim diplomatiyasının və yeni nəsil iqtisadiyyatın da öncüsünə çevirib.
Siyasi şərhçi Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı bu sıx birliyin qlobal güc mərkəzlərində aparılan strateji hesablamaların yenidən nəzərdən keçirilməsinə məcburiyyət yaratdığını da diqqətə çatdırıb: “Logistik xətlərinin böyük risklər daşıdığı hazırkı qlobal vəziyyətdə İstanbul Bəyannaməsi ilə möhkəmlənən üçtərəfli ittifaq qlobal bazarlar üçün təhlükəsiz liman və alternativsiz tranzit xətti təklif edir. Belə ki, Qarabağ Zəfərindən sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Azərbaycanın bu Zəfərindən sonra Gürcüstanın İstanbul Bəyannaməsinə imza atması təsadüf deyil. Bu, tam mənası ilə Ankara-Bakı ittifaqının yüksələn gücünə qoşularaq yeni regional balans yaratmaq cəhdidir. Bir sözlə, İstanbul Bəyannaməsi Avrasiya coğrafiyasının yeni geosiyasi reallığını dünyaya elan edən kritik sənəddir”.