Azərbaycan Universiteti RUR beynəlxalq reytinqində mövqeyini yaxşılaşdırıb
Bakı,12 iyun, AZƏRTAC
Azərbaycan Universiteti dünyanın nüfuzlu “Round University Ranking” (RUR) beynəlxalq reytinq sisteminin 2026-cı il üzrə nəticələrində mövqeyini yaxşılaşdırıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisəsi ötən illə müqayisədə 26 pillə irəliləyərək 970-ci yerdən 944-cü yerə yüksəlib. Bununla da, Azərbaycan Universiteti qlobal ali təhsil məkanında mövqeyini daha da möhkəmləndirib. Eyni zamanda, universitet ölkə üzrə 4-cü ən yaxşı ali təhsil müəssisəsi statusunu qoruyub saxlayıb.
Dünyanın nüfuzlu beynəlxalq reytinq sistemlərindən biri hesab olunan RUR universitetlərin fəaliyyətini tədrisin keyfiyyəti, elmi-tədqiqat fəaliyyəti, beynəlmiləlləşmə səviyyəsi və maliyyə dayanıqlılığı olmaqla 4 strateji istiqamət və 20 göstərici əsasında qiymətləndirir. Metodologiyaya əsasən, ümumi nəticədə tədris və tədqiqat göstəricilərinin hər biri 40 faiz, beynəlmiləlləşmə və maliyyə dayanıqlılığı göstəricilərinin hər biri isə 10 faiz paya malikdir. Qiymətləndirmə zamanı akademik heyətin sayı, tələbə-müəllim nisbəti, elmi nəşrlər və onlara istinadlar, beynəlxalq əməkdaşlıq göstəriciləri, xarici tələbə və müəllimlərin payı, eləcə də universitetin maliyyə resurslarından istifadənin səmərəliliyi nəzərə alınır.
Qeyd edək ki, Azərbaycan Universiteti 2024-cü ildə ilk dəfə daxil olduğu RUR reytinqində ardıcıl olaraq 3-cü dəfədir ölkə üzrə 4-cü yerdə qərarlaşır. Bu nəticə Azərbaycan Universitetinin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Reytinqdə qeydə alınan irəliləyiş və ölkə üzrə statusun qorunması universitetin tədris və elmi-tədqiqat fəaliyyətinin inkişaf dinamikasını əks etdirir.
Xatırladaq ki, bu il RUR reytinqinə Azərbaycandan 17 ali təhsil müəssisəsi daxil edilib.