“Heydər Əliyev və yeni liderlik: fəlsəfi-elmi təhlil” kitabı nəşr olunub
Bakı, 12 may, AZƏRTAC
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “Heydər Əliyev və yeni liderlik: fəlsəfi-elmi təhlil” kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiya fəlsəfi-elmi təhlil prizmasında Ulu Öndər Heydər Əliyevin liderliyinin tədqiqinə həsr edilib. Bu məqsədlə liderlik haqqında fəlsəfə tarixində mövcud olan fikirlər ümumiləşdirilib və onlara müasir fəlsəfi-elmi idrak kontekstində yanaşılıb.
Konkret olaraq kitabda liderlik müasir fənlərarası yanaşma çərçivəsində formalaşan metodologiya əsasında araşdırılıb və onun fəlsəfi izahı verilib. Bu yanaşmanı qnoseoloji və metodoloji aspektlərdə fəlsəfə ilə elmin “ortaq sahəsi”ndə liderliyin dərki kimi də qəbul etmək olar.
Ümumiyyətlə, liderliyin fəlsəfi-elmi araşdırması nəticəsində alınan qənaətlərin Ümummilli Lider Heydər Əliyevin liderliyinin fəlsəfi-elmi dərk edilməsinə tətbiqi maraqlı məqamları üzə çıxarıb. Aydın olub ki, Heydər Əliyev öz fəaliyyəti ilə faktiki olaraq yeni liderlik modelini yaradıb.
Kitabın elmi redaktorları Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə və tarix elmləri doktoru Eynulla Mədətli, rəyçiləri professorlar Etibar Nəcəfov və Cahangir Məmmədov, redaktoru isə Qabil Camalovdur.