“Heydər zivəsi”nə yürüş etmək istəyənlərin qeydiyyatına başlanılmışdır
Bakı, 3 aprel (AZƏRTAC). Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə mayın 3-dən 11-dək kütləvi yürüş keçiriləcəkdir.
Bununla bağlı təşkilati məsələləri yüksək səviyyədə həyata keçirmək, düşərgə salmaq, yürüş marşrutunu müəyyənləşdirmək, müvafiq əraziləri və yürüş iştirakçılarını təchizatlandırmaq, ən əsası isə çətin relyef və iqlim şəraitinə malik olan ərazilərdə insanların təhlükəsizliyini təmin etmək və riskləri minimuma endirmək, o cümlədən yürüşlərin mütəşəkkilliyini təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Təşkilat Komitəsi yaratmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, komitə üzvlərinin konkret vəzifələri müəyyənləşdirilmiş və bu istiqamətdə tədbirlərin görülməsinə başlanılmışdır. Komitənin fəaliyyətinin təmin olunması üçün yaradılmış Xüsusi Qərərgaha rəhbərlik Şahdağ Milli Parkının direktoruna həvalə olunmuş və qərərgahın üzərinə öhdəliklər qoyulmuşdur. Öhdəliklərə görə qərərgah müraciətlərlə bağlı icazə prosedurunu ən qısa müddət ərzində tamamlamalı, marşrutları müəyyən etməli, yürüş iştirakçılarının milli parkda yüksək səviyyədə qəbulunu, yerləşdirilməsini və qrafik üzrə zirvəyə qalxaraq memorialı ziyarətini tənzimləməlidir.
“Heydər zirvəsi”nə gedən müvafiq marşrut üzrə təşkil olunacaq kütləvi yürüşün iştirakçıları birdəfəlik giriş haqqından azad edilmişlər.
Yürüşdə iştirak etmək istəyənlər, həmçinin hüquqi şəxslər mayın 1-dək qərərgaha müraciət etməlidirlər. Sənədlər yürüş üçün müraciət olunan tarixdən ən geci 10 gün əvvəl təqdim olunmalıdır. Yürüşlə bağlı bütün məlumatları isə Xüsusi Qərərgahın məlumat xidmətindən almaq mümkündür: Şabran rayonu, Şahdağ Milli Parkının baş ofisi, tel: (+994)-23-353-66-63, (+994)-55-243-60-30, fax: (+994)-23-353-66-63, e-mail: [email protected], Skype: heyderzirvesi2014, Facebook: heyderzirvesi və ya https://www.facebook.com/shahdaq.millipark).
Sənədləri vaxtında təqdim etməyən şəxslərə milli park ərazisinə giriş üçün icazə verilməyəcəkdir.
Qeyd edək ki, ötən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində ölkənin təbiət ərazilərində baş verən xaos ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin, eləcə də ETSN-in səyləri nəticəsində son illərdə tənzimlənmiş və ölkənin yüksək dağlıq ərazilərində nəzarət-buraxılış sistemi tətbiq olunmuş, turistlərin davranışını tənzimləyən qaydalar qəbul edilmişdir.