Hicran Hüseynova: Kitab sərgiləri gənc nəslin mütaliəyə marağını artırır VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
Bu cür beynəlxalq kitab sərgilərinin təşkili olduqca böyük əhəmiyyət daşıyır. Xüsusilə valideynləri ilə birlikdə sərgiyə gələn uşaqları görmək sevindirici haldır. Burada yaranan xoş ab-hava, uşaqların kitablara göstərdiyi maraq gənc nəslin mütaliəyə həvəsləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, belə sərgilərdə müxtəlif sahələrə aid nəşrlərin, elmi və tarixi kitabların təqdim olunması insanların bilik və dünyagörüşünün zənginləşməsinə mühüm töhfə verir.
“Bu gün Birinci Türkoloji Qurultaya həsr olunmuş kitab təqdim olunub. Bu nəşrin işıq üzü görməsi olduqca əlamətdar hadisədir. Çünki Türk dünyasının ortaq tarixi və mədəni irsinin araşdırılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyır”, – deyə o bildirib.
H.Hüseynova ortaq tariximizin daha dərindən araşdırılmasının, milli-mənəvi dəyərlərimizin qorunmasının və təbliğinin vacibliyini vurğulayıb.
“Birinci Türkoloji Qurultaya həsr olunmuş kitabın üç dildə nəşr edilməsi onun daha geniş oxucu auditoriyasına çatdırılması baxımından təqdirəlayiqdir. Bu cür nəşrlər tarixi həqiqətlərin öyrənilməsinə, zəngin irsimizin düzgün təbliğinə və tariximizlə bağlı yanlış təsəvvürlərin aradan qaldırılmasına xidmət edir. Hesab edirəm ki, belə kitabların nəşri və beynəlxalq sərgilərin təşkili davamlı xarakter daşımalıdır. Çünki tariximizin dərindən öyrənilməsi və geniş təbliği milli kimliyimizin, eləcə də ortaq mədəni irsimizin qorunmasına mühüm töhfə verir”, – deyə H.Hüseynova əlavə edib.