Hindistanın 21 şəhəri içməli sudan məhrum ola bilər
Bakı, 28 iyun, AZƏRTAC
Əhalinin sayına görə dünyanın ikinci böyük ölkəsi olan Hindistanda içməli su böhranı yaranıb. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, bu ölkənin 21 şəhəri quraqlıq ucbatından kəskin içməli su böhranı ilə üzləşəcək. Hazırda bu şəhərlərin sakinləri üçün tankerlərlə su daşınır.
Hindistanın “NITI Aayog” analitik mərkəzinin məlumatına görə, bu il yağan musson yağışlarının ardından hökm sürən isti havalar nəticəsində artıq 137 nəfər həyatını itirib. Ölkənin cənubunda əhalinin içməli suya olan ehtiyacının 40 faizini təmin edən qrunt suları da xeyli azalıb. Mərkəzi Su Departamentinin məlumatına görə, şəhərlərdə sakinlərin içməli suya ehtiyacını təmin etmək getdikcə çətinləşir. Bu böhranı aradan qaldırmaq məqsədilə Baş Nazir Narendra Modi tərəfindən xüsusi nazirlik də yaradılıb və 2024-cü ilədək ətraf əyalətlərin hamısının su kəməri ilə təchiz olunacağı vəd edilib. Lakin iqlim şəraitinin ağır fəsadları bu kəmərlərin içməli su ilə doldurulacağını şübhə altına alır.
BMT-nin iqlim dəyişikliyi hesabatına göstərilən quraqlıq və içməli su çatışmazlığı problemləri artıq Hindistana təsirini göstərib. Bu ölkənin altıncı böyük şəhəri olan Çenai tamamilə içməli sudan məhrum olmaq təhlükəsi ilə üzləşib. Şəhərin yüz minlərlə sakini hər gün içməli suyu tankerlərdən almaq üçün uzun növbələrə düzülürlər. Xəstəxanaların və məktəblərin su təchizatında da ciddi problemlər yaranıb. Ən təhlükəlisi isə, insanların yemək hazırlamaq üçün çirkli sudan istifadə etməsi və infeksion xəstəliklər riskinin artmasıdır. Analitiklərin hesabatında qeyd olunub ki, Hindistanda 600 milyon nəfər təmiz su çatışmazlığından əziyyət çəkəcək və yaxın illərdə onların 200 mini həyatını itirə bilər.