SİYASƏT
Hindistanla Azərbaycan arasında diplomatik əlaqələrin 25 illiyi qeyd olunub VİDEO
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də R.Behbudov adına Mahnı Teatrında Hindistanla Azərbaycan arasında diplomatik əlaqələrin 25 illiyinə həsr olunmuş tədbir keçirilib. Hindistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən tədbirdə iki ölkə arasındakı mövcud siyasi, iqtisadi və mədəni tədbirlərdən söz açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Hindistanın Bakıdakı səfiri Sanjay Rana bütün iştirakçıları salamlayaraq ötən 25 il ərzində əməkdaşlığımızın və dostluq əlaqələrimizin müntəzəm surətdə davam etdiyini vurğulayıb. Bildirib ki, müstəqilliyini bərpa etdikdən dərhal sonra Azərbaycanın diplomatik əlaqələr qurduğu ölkələrdən biri də Hindistandır.
Diplomat vurğulayıb ki, Hindistanla Azərbaycan bir-birini siyasi olaraq həm ikitərəfli, həm də çoxtərəfli arenada, xüsusilə də Birləşmiş Millətlər Təşkilatında dəstələyir. “Bu günlərdə Azərbaycanda tarixin çox qara səhifələrindən olan Xocalı faciəsinin 25-ci ildönümü qeyd olundu. Bu, bir daha xatırladır ki, şiddət və ya müharibə həll yolu ola bilməz. Hindistan Dağlıq Qarabağdakı vəziyyətin mürəkkəbliyindən xəbərdardır. Regionda vəziyyətin gərginləşməsi xəbərləri narahatçılıq doğurur. Ölkəmiz hər zaman ərazi bütövlüyü prinsipini və münaqişələrin sülh danışıqları ilə nizamlanmasını dəstələyir. Biz ATƏT-in Minsk Qrupunun vasitəçilik etdiyi danışıqlar prosesini dəstəkləyirik. Hindistan münaqişənin sülh yolu ilə həll olunacağına və regionda sülhün üstünlük təşkil edəcəyinə ümid edir”, - deyə səfir vurğulayıb.
Bu gün Hindistan enerji sektorunda Azərbaycanla tərəfdaş olduğunu söyləyən Sanjay Rana ötən 25 ildə görülən işləri yüksək qiymətləndirib.
O deyib ki, diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə il ərzində “Hindistan-Azərbaycan Dostluq Festivalı” qeyd olunacaq.
Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev çıxış edərək ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının daim hər iki xalqın mənafeyinə xidmət edəcəyinə inamını ifadə edib.
Nazir müavini deyib ki, Azərbaycan Respublikası hökuməti və Hindistan Respublikası hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması barədə 11 aprel 2007-ci ildə Bakıda imzalanmış saziş əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edib və bunun davamı olaraq komissiyanın artıq 4 iclası keçirilib.
“Əldə edilmiş uğurların qorunub saxlanılması və Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafı məqsədilə xarici ölkələrlə ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan biz Hindistan ilə tikinti və infrastruktur, informasiya texnologiyaları və telekommunikasiyalar, avtomobil sənayesi, dərman və əczaçılıq, kimyəvi maddələr, energetika, o cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı, səhiyyə, mehmanxana və turizm sektorları sahələrində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə böyük önəm veririk”, - deyə N.Quliyev vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatı Jalə Əliyeva və Xarici İşlər Nazirliyinin idarə rəisi Xəzər Fərhadov çıxış edərək Azərbaycanla Hindistan arasındakı əlaqələrin tarixindən və mövcud inkişaf tempindən söz açıblar.
Tədbirdə Hindistan və Azərbaycan rəqsləri ifa olunub.