Honkonqdakı yanğında ölənlər arasında əcnəbilər də var VİDEO
Pekin, 29 noyabr, AZƏRTAC
Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksində baş verən yanğında həyatını itirən, xəsarət alan və itkin düşənlər arasında əcnəbi vətəndaşlar da var.
AZƏRTAC xəbər verir ki, bu barədə Honkonqun əmək departamentinin rəhbəri Kris Sun Yuk-han məlumat verib.
Bildirilib ki, yanan binalarda həyatını itirən, xəsarət alan və itkin düşənlərin, ümumilikdə 32 nəfərin şəxsiyyətinin müəyyən edilməsi və tapılması istiqamətində İndoneziya və Filippinin baş konsulluqları ilə iş aparılır.
İndoneziya baş konsulluğu yanğında 2 vətəndaşının öldüyünü, birinin isə ölməsi haqqında təsdiqlənməmiş məlumat olduğunu açıqlayıb. Bundan başqa, 2 indoneziyalı xəsarət alıb, 11-i itkin düşüb.
Filippin baş konsulluğu isə bir vətəndaşının öldüyünü, birinin xəsarət aldığını, digərinin isə itkin düşdüyünü bildirib.
Qeyd edək ki, Honkonqda daimi yaşayan təxminən 367 min əcnəbinin 97 faizi Filippin və İndoneziya vətəndaşlarıdır. Onlar əsasən evlərdə xidmətçi, dayə və bu kimi işlərə cəlb olunurlar. Honkonq qanunlarına əsasən, bu cür işçilər işəgötürən honkonqluların evində yaşamalıdırlar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin