Hövsan qəsəbəsində sahilboyu ərazilər məişət tullantılarından təmizlənib
Bakı, 18 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən “Dənizi təmiz saxla” ekoloji aksiyası həyata keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan tədbirdə agentliyin 120 əməkdaşı iştirak edib.
Tədbir Xəzər dənizinin sahilyanı ərazilərinin təmizliyinin qorunmasına, ekoloji məsuliyyətin təşviqinə, ətraf mühitin mühafizəsi istiqamətində ictimai maarifləndirməyə dəstək vermək məqsədi daşıyıb.
Aksiya çərçivəsində Hövsan qəsəbəsi üzrə sahilboyu ərazilər məişət tullantılarından təmizlənib.
Tədbirin yekununda iştirakçılar “Xəzərimizə diqqət, dəyər, qayğı ilə” şüarı əks olunan plakatla həmrəylik nümayiş etdirərək Xəzər dənizinin qorunmasının vacibliyinə diqqət çəkiblər.
Sosial Xidmətlər Agentliyi tərəfindən sosial və ekolojiyönümlü korporativ sosial məsuliyyət tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.