Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları elmi-tədqiqat işlərini davam etdirirlər
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Respublikası ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə Azərbaycan Milli Elmlər Akademiyasının AMEA Hüquq və İnsan Haqları İnstitutunun alim və mütəxəssisləri elmi-tədqiqat işləri üzərində fəaliyyətlərini davam etdirirlər.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əməkdaşlar müvafiq elmi fəaliyyət sahələrinə uyğun olaraq onlayn konfranslara qatılır, görüşlərdə iştirak edir, həmçinin yazdıqları elmi məqalə və tezisləri müxtəlif yerli və xarici dövrü nəşrlərə təqdim edirlər.
İnstitutun Hüquq sahələrinin müqayisəli təhlili şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Zamiq Aslanov “Elmi-texniki tərəqqi, süni intellekt və hüquq” monoqrafiyasını çapa hazırlayır. Monoqrafiyada elmi-texniki tərəqqinin nəzəri aspektləri, sosial-hüquqi problemləri, süni intellekt və hüququn qarşılıqlı əlaqəsi, süni intellektin hüquqi tənziminin aktuallığı, bu sahədə mövcud yanaşmalar və çağırışlar tədqiq edilir. Müəllifin “Elmi-texniki tərəqqi və dövlətdaxili hüquq” mövzusunda məqaləsi dərc olunub.
Elmi müəssisənin Cinayət hüququ və cinayət prosesi şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyevin “Yaşamaq hüququ: Azərbaycan Respublikası və Rusiya Federasiyası konstitusiyalarının müvafiq normalarının müqayisəli təhlili” məqaləsi Rusiyanın “Sosialno-politiçeskiye nauki” jurnalında dərc olunub və “Elibrary.ru” elmi elektron kitabxanasında yerləşdirilib.
İnstitutun Əcnəbilərin hüquqları və miqrasiya şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Rasim Ağasıyev “Süni intellektin hüquqi və fəlsəfi mahiyyəti” monoqrafiyası üzərində işləyir. Onun “Azərbaycan Respublikasında əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin inzibati məsuliyyətinin hüquqi əsasları” və “Azərbaycan Respublikasında əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin cinayət məsuliyyətinin hüquqi əsasları” məqalələri çapa hazırdır. Şöbənin böyük elmi işçisi Səbinə Əsədova İslam İnkişaf Bankının Transformasiya Fondunun “İnnovasiya çağırışı”na qoşulub. O, “Rəqəmsal Transformasiya: iqtisadi böhranın qarşısının alınması mexanizmi kimi” mövzusunu əhatə edən tədqiqat işi ilə COVID-19 pandemiyasının sosial-iqtisadi təsirini minimuma endirməyə kömək edəcək ideyaların dəstəklənməsi istiqamətində işləyir.
İnformasiya hüququ şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Xalid Niyazovun “İnformasiya təhlükəsizliyinin hüquqi bazası: müqayisəli yanaşma” məqaləsi “WOS” bazasına daxil olan “Vaprosı istorii” jurnalında dərc olunub.
İnstitutun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçisi Esmira Orucova aprel ayı ərzində ardıcıl olaraq bir neçə onlayn ümumrespublika konfransında iştirak edib. Konfranslarda koronavirus pandemiyasının yaratdığı psixoloji vəziyyətlə bağlı maarifləndirmə, “Evdə qalaq - bilgi alaq” kampaniyası çərçivəsində tibbi maarifləndirmə, koronavirusun dünya düzəninin dəyişməsinə təsiri kimi mövzularda müzakirələr aparılıb.
Bildirilib ki, Dövlət və konstitusiya hüququ şöbəsinin müdiri, hüquq elmləri doktoru Ayxan Rüstəmzadənin “COVID-19 pandemiyasının yayıldığı dövrdə elektron məhkəmənin ədalət mühakiməsinə çatımlılığında rolu” məqaləsinin Azərbaycanda və Ukraynada çap olunması nəzərdə tutulur.
Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq hüquq şöbəsi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən hüquqi yardım xidmətlərinin göstərilməsi üzrə layihə çərçivəsində karantin günlərində pulsuz hüquqi yardım xidmətindən onlayn formada 614 nəfər yararlanıb.