İBO VƏ GBC VERSİYALARI İLƏ PEŞƏKAR BOKS ÜZRƏ DÜNYA ÇEMPİONATI KEÇİRİLƏCƏKDİR
Bakı, 2 oktyabr (AZƏRTAC). Oktyabrın 3-də Bakı İdman Sarayında Azərbaycanda ilk dəfə İBO və GBC versiyaları ilə peşəkar boks üzrə dünya çempionatı keçiriləcəkdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi və Azərbaycan Peşəkar Boks Federasiyasının təşkilatçılığı ilə keçirilən çempionatda peşəkar boksçu, İBF versiyası üzrə Avropa çempionu Azad Əzizov gənclər arasında dünya çempionu tanzaniyalı Çarlz Damas ilə boş qalan İBO İnternational Dünya kəməri uğrunda mübarizə aparacaqdır.
Qeyd etmək istərdik ki, hazırda Vladimir Kliçko, Denni Qrin, Sakio Bika, Antoni Mundine, Manni Paçquyao və digər boksçular İBO versiyası üzrə kəmərin sahibidirlər. Mayk Tayson isə 2002-ci ildə Lennoks Levisə qalib gələrək bu titulu əldə etmişdir.
Çempionatda Azərbaycan idmançıları ilə yanaşı Almaniya, Avstriya, Rusiya, Ukrayna, Gürcüstan və Latviyadan gəlmiş boksçular qüvvələrini sınayacaqlar. İBO İnternational Dünya kəməri üzrə rinqdə Azad Əzizov (63,5 kq - Azərbaycan) - Çarlz Damas (63,5 kq - Afrika), Roman Qolovaşenko (86 kq - Ukrayna) - Georgi Tevdoraşvili (86 kq - Gürcüstan) mübarizə aparacaqlar. Döyüşlər 12 raunddan ibarət olacaqdır.
Həmin gün GBC versiyası üzrə də döyüşlər keçiriləcəkdir. Bu versiya üzrə 67 kq çəki dərəcəsində Ceyhun Əliyev (Azərbaycan) - Oleq Krutko (Rusiya), 69 kiloqramda Əli Məmmədov (Azərbaycan) - İrakli Nodia (Gürcüstan), Vüsal Əliyev (Azərbaycan) - David Tsaladze (Gürcüstan), Fərid Məhərrəmov (Azərbaycan) - İlia Skadva (Gürcüstan), 80 kiloqramda Əli Nəcəfi (Azərbaycan) - Fuad Muradov (Rusiya) qarşılaşacalar. Döyüşlər 4 raunddan ibarət olacaqdır.
Yarışların baş hakimi beynəlxalq dərəcəli hakim almaniyalı Aleksandr Yakobi təyin edilmişdir.