ICD Mərkəzi Bank ilə ölkənin ilk sukukunun hazırlanması üzərində işləyir
Bakı, 7 may, AZƏRTAC
İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) Azərbaycan Mərkəzi Bankı ilə ölkənin ilk sukukunun hazırlanması üzərində işləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə ICD-nin regional nümayəndəsi Elvin Əfəndi İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına hazırlıqlar çərçivəsində İslam İnkişaf Bankı Qrupunun Azərbaycanda Özəl Sektor üzrə Təqdimatında deyib.
O bildirib ki, bu Azərbaycanda gələcəkdə dövlət, növbəti mərhələdə isə korporativ səviyyədə sukuk emissiyalarına yol açacaq. Qurum kredit xətləri, maliyyə sektoruna kapital yatırımı, məsləhət xidmətləri, xəzinədarlıq xidmətləri, sukuk üzrə məsləhət ilə məşğuldur.
"Qurum 1999-cu ildən bu günədək 40-dan çox üzv ölkədə 450-dən artıq layihəni təsdiqləyib. Layihələrin ümumi dəyəri 7,1 milyard dollar, ayrılan vəsait isə 5,6 milyard dollar təşkil edib. ICD Azərbaycanda iri layihələrin maliyyələşdirilməsində də iştirak edib. Qurumun ilk layihələrindən biri Bakıda Park Bulvar ticarət mərkəzinin maliyyələşdirilməsi olub”, - deyə E.Əfəndi qeyd edib.
2025-ci ildə İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) maliyyələşdirdiyi KOB-ların ümumi məbləğinin 661,9 milyon dollar, ixrac satışlarının isə 557,3 milyon dollar təşkil etdiyini sözlərinə əlavə edən ICD-nin regional nümayəndəsi layihələr çərçivəsində hökumət gəlirlərinin 283,8 milyon dollar, daxili satınalmaların isə 1 milyard dollardan çox olduğunu vurğulayıb: “ICD ötən il 23 min 531 yeni iş yerinin yaradılmasına, o cümlədən qadınlar üçün 7288 yeni iş yerinin açılmasına töhfə verib. ICD üzv ölkələrdə korporativ sektor və KOB-lar üçün İslam maliyyəsinə çıxışı genişləndirir, infrastrukturun yaxşılaşdırılmasına, çətin bazarlarda investisiyaların cəlbinə və şirkətlərin investorlarla əlaqələndirilməsinə dəstək verir”.
Fotoqraf - Azər İbrahimov