İÇƏRİŞƏHƏRLƏ TANIŞLIQ
AZƏRTAC xəbər verir ki, Azərbaycanda səfərdə olan Özbəkistan Baş nazirinin müavini Nodirxon Xanovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 9-da İçərişəhərlə tanış olmuşdur.
Qoşa qala qapısından başlanan gəzinti tanınmış xalça ustası, xalq rəssamı Kamil Əliyevin xalça muzeyi ilə tanışlıqla davam etmişdir. Qonaqlar K.Əliyevin əsərlərinə maraqla tamaşa etmiş, burada türk dünyasının dahi şəxsiyyətləri ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, Azərbaycan mütəfəkkirləri Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, böyük rus şairi Aleksandr Puşkinin və başqa görkəmli şəxsiyyətlərin portretləri toxunmuş xalçalarla tanış olmuşlar. Onlara Azərbaycan xalçaları haqqında ətraflı məlumat verilmişdir.
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Kamran İmanov ötən əsrlərin yadigarı olan abidələrin qorunması və bərpasına göstərilən dövlət qayğısından danışmışdır.
Karvansarada çay süfrəsinə dəvət edilən Nodirxon Xanova xatirə hədiyyələri təqdim olunmuşdur.
Sonra qonaqlar İçərişəhərin baş planı, Bazar meydanı və Qız qalası ilə tanış olmuşlar. Onlara Qız qalasının tarixi barədə ətraflı məlumat verilmişdir.
İçərişəhərlə tanışlıq Özbəkistan hökumətinin nümayəndə heyətində xoş təəssürat oyatmışdır.