İÇƏRİŞƏHƏRLƏ TANIŞLIQ MACARISTANLI QONAQLARDA XOŞ TƏƏSSÜRAT OYATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Macarıstan parlamentinin sədri xanım Katalin Silinin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri sentyabrın 6-da İçərişəhərlə tanış olmuşlar.
Qoşa qala qapılarından başlanan gəzinti tanınmış xalça ustası, xalq rəssamı Kamil Əliyevin xalça muzeyi ilə tanışlıqla davam etdirilmişdir. Qonaqlar K.Əliyevin əsərlərinə maraqla tamaşa etmiş, burada türk dünyasının dahi şəxsiyyətləri ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, Azərbaycan mütəfəkkirləri Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, böyük rus şairi Aleksandr Puşkinin və başqa görkəmli şəxsiyyətlərin portretləri toxunmuş xalçalarla tanış olmuşlar. Onlara Azərbaycan xalçaları haqqında ətraflı məlumat verilmişdir.
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Kamran İmanov ötən əsrlərin yadigarı olan abidələrin qorunması və bərpasına göstərilən dövlət qayğısından danışmışdır.
Karvansarada çay süfrəsinə dəvət edilən xanım Katalin Siliyə xatirə hədiyyələri təqdim olunmuşdur.
Sonra qonaqlar İçərişəhərin baş planı, bazar meydanı və Qız qalası ilə tanış olmuşlar. Onlara Qız Qalasının tarixi barədə ətraflı məlumat verilmişdir. Macarıstanlı qonaqlar burada gördüklərindən məmnun qaldıqlarını bildirmişlər.
Gəzintidə Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Xanhüseyn Kazımlı, Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov və Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsi müdirinin müavini İlqar Fərzəliyev də iştirak etmişlər.
######
