İdman fotoqrafları üçün beynəlxalq təlim keçirilib
Bakı, 3 noyabr, AZƏRTAC
Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri ərəfəsində - noyabrın 3-də idman fotoqrafları üçün beynəlxalq təlim təşkil edilib.
AZƏRTAC xəbər verir ki, təlim Heydər Əliyev adına İdman Sarayında Beynəlxalq Cüdo Federasiyasının (BCF) fotoqrafları Qabriela Sabau və Tamuna Kulumbeqaşvili tərəfindən keçirilib.
Təlimin nəzəri hissəsində Qabriela Sabau idman fotoqrafiyası sənətinin xüsusiyyətləri haqqında məlumat verib. O bildirib ki, yarış zamanı çoxsaylı şəkillər çəkmək və əsas anı əbədiləşdirmək üçün hər zaman hazır olmaq lazımdır: “Turnir zamanı təkcə ilk görüşlərdən təxminən 2 min şəkil çəkilir, onların içindən 50-si seçilir, reportaj və sayt üçün hazırlanır”.
Qabrielanın sözlərinə görə, əsas proses tataminin üzərində baş versə də, tataminin ətrafında məşqçilərin və azarkeşlərin göstərdiyi emosiyaların kadrlarda əks olunması bu işin ən əsas özəlliklərindən biridir: “Yarışlardan sonra çalışırıq daha çox məşqçilərin yanında olaq. Çünki yarışlardan sonra məşqçilər və idmançılar arasında emosiyalar çox möhtəşəm olur. Bu kadrlar hər zaman çox sevilir və yadda qalır”. Həmçinin təlimdə məlumat verilib ki, Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri zamanı operativ fotoreportajların hazırlanması üçün yeni sistemdən istifadə olunacaq.
Təlimin praktiki hissəsində idmançılar fəndləri nümayiş etdiriblər və idman fotoqrafları Qabriella Sabaunun, eləcə də Tamuna Kulumbeqaşvili müşahidəsi altında peşəkar şəkillər çəkiblər.
Təlimin əsas məqsədi cüdonun daha peşəkar işıqlandırılmasına nail olmaq və bu sahədə olan yeniliklər ilə idman fotoqraflarını və jurnalistləri tanış etməkdir.
Sonda iştirakçılara sertifikat təqdim olunub.