İQTİSADİYYAT
IFC, USAID və Mərkəzi Bank maliyyə vasitələrinə çıxış imkanlarının artırılması istiqamətində əməkdaşlıq edir
Bakı, 5 dekabr (AZƏRTAC). Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) sahibkarların maliyyə vasitələrinə çıxış imkanlarının artırılması üçün səmərəli qanunvericilik mühitinin yaradılması istiqamətində Beynəlxalq Əməkdaşlıq üzrə ABŞ Agentliyi (USAID) və Azərbaycan Respublikası Mərkəzi Bankı ilə əməkdaşlıq edir.
AZƏRTAC xəbər verir ki, qeyd olunan üç təşkilat daşınar əmlakın, o cümlədən əmtəə malları, ehtiyatlar, debitor borclar və avadanlıqların kredit üçün girov kimi istifadə edilməsinə imkan verən beynəlxalq təcrübələrə dair kommersiya bankları və mikromaliyyə təşkilatlarının məlumatlılıq səviyyəsinin artırmaq məqsədilə Bakıda konfrans keçirmişdir. Bu təcrübə sahibkarların, xüsusilə də girov qoymaq üçün daşınmaz əmlakı olmayan kiçik sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artıracaqdır. IFC və Mərkəzi Bank sahibkarlara investisiya və inkişaf üçün lazım olan kapitalın əldə edilməsində öz aktivlərindən istifadə etmək imkanını verən Təminatlı Əqdlər haqqında Qanun layihəsi üzərində işləyirlər.
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən maliyyələşdirilən IFC-nin Azərbaycanda və Orta Asiyada Maliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi üzrə Məsləhət Xidmətləri Layihəsi Azərbaycanda maliyyə infrastrukturunun gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. Layihənin əsas məqsədlərindən biri girov reyestri sisteminin yaradılması və bununla da ölkədəki sahibkarların və kiçik müəssisələrin maliyyə vəsaitlərinə çıxış imkanlarının artırılmasıdır.