“İKİ SAHİL” QƏZETİ – 5000!
BİZ HƏMİŞƏ XALQLA BİRLİKDƏYİK!
Bakı, 16 oktyabr (AZƏRTAC). 5000-ci sayı işıq üzü görən “İki sahil” qəzetinin hər bir əməkdaşı öz fəaliyyəti ilə yeni, müasir Azərbaycanın qurucuları sırasındadır.
Əvvəlcə “İki sahil” qəzetinin yarandığı tarixə qısaca nəzər yetirək. 1965-ci ildə mətbuat orqanı kimi əsası qoyulmuş “Zavod həyatı” qəzeti 1991-ci il iyulun 10-dan “İki sahil” adı altında müstəqil ictimai-siyasi qəzet kimi fəaliyyətə başlamışdır. Təbii ki, respublika mətbuat ailəsinin yeni üzvü kimi həmin qəzetin tutduğu əsas istiqamət məhz o vaxtdan başlanır. Bu yolun, bu istiqamətin əsas məqsədi Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, onun qorunub möhkəmlənməsi uğrunda aparılan mübarizəyə qələmin, sözün gücü ilə kömək etmək, ölkənin qarşısında duran ağır problemlərin aradan qaldırılması uğrunda ölüm-qalım mübarizəsinə qoşulmuş insanların fəaliyyətini dolğun və obyektiv yazılarla işıqlandırmaq idi. Bu mənada bir məqamı xüsusi olaraq vurğulamağı zəruri hesab edirik ki, “İki sahil” qəzeti fəaliyyətə başladığı ilk gündən görkəmli dövlət və siyasi xadim Heydər Əliyevi Azərbaycanı labüd məhv olma təhlükəsindən xilas edə biləcək yeganə şəxsiyyət kimi görərək, onun hakimiyyətə qayıtması üçün bir tribuna rolunu oynamışdır. Qəzetdə bu mövzuda tanınmış siyasətçilərin, ictimaiyyət nümayəndələrinin çıxışları, təlqin etdikləri həqiqət ölkənin nicatının, müstəqilliyinin taleyinin məhz ulu öndər Heydər Əliyevdə olduğuna möhkəm inam yaradır, onun hakimiyyətə qayıtması üçün xalqın çağırışına - tələblərinə böyük impuls verirdi.
“İki sahil” qəzetinin ölkənin ağır illərində fəaliyyətindən bəhs edən Azərbaycanın xilaskarı ulu öndər Heydər Əliyev YAP-ın yubileyi münasibətilə keçirilmiş təntənəli yığıncaqda bildirmişdi: “Mən hesab edirəm ki, “İki sahil” qəzeti çox iş görmüşdür. O vaxt bu qəzet çox cəsarətli yazılar verirdi. ...Biz Naxçıvanda blokada şəraitində yaşadığımız dövrdə Vüqar Rəhimzadə tez-tez Naxçıvana gələrdi və hələ Yeni Azərbaycan Partiyası yaranandan xeyli əvvəl Naxçıvanın problemləri, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının fikirlərini dərc etməklə yaxşı fəaliyyət göstərərdi, indi də göstərir. Mən bunu yüksək qiymətləndirirəm”.
“İki sahil” qəzeti yarandığı gündən KİV-in qarşısında duran əsas vəzifələri yerinə yetirməkdədir. Qəzetin kollektivi söz və mətbuat azadlığının verdiyi imkanlardan sui-istifadə etməyi heç vaxt özünə rəva bilməmişdir.
Bu gün jurnalist məsuliyyətinin son dərəcə vacib bir keyfiyyət olduğu “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin tez-tez diqqətə çatdırdığı tələbdir. Qəzetin yaradıcı kollektivi bu məsuliyyəti daim öz üzərində hiss edir.
Bir gündən sonra Azərbaycanın dövlət müstəqilliyi günü qeyd olunacaqdır. Qəzetimizin 5000-ci nömrəsinə diqqət yetirəndə aydın görünür ki, “İki sahil”in keçdiyi yol dövlət müstəqilliyinin 18 ilinin tarixidir. Bu tarix uğurla davam edir.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuat işçilərinin zəhmətini yüksək qiymətləndirməklə bərabər, qarşıya mühüm vəzifələr qoymuşdur: “Mətbuatımız bu gün öz mütərəqqi ənənələrini davam etdirməli, cəmiyyətdəki problemləri və nöqsanları ictimai müzakirəyə çıxarmalı, demokratik proseslərin fəal iştirakçısı olmalıdır”.
İftixar hissi ilə qeyd edirik ki, 5000-ci sayı işıq üzü görən “İki sahil” qəzetinin kollektivi ölkə rəhbərinin bu tapşırığına layiqincə əməl etmək əzmini nümayiş etdirir və əminliklə deyir: - Biz həmişə yeni, müasir Azərbaycanın qurucularının önündə getdiyimiz kimi, bundan sonra da öz qələmimizlə ölkəmizin daha da inkişafına, iqtisadi qüdrətinin artmasına xidmət edəcəyik!
######
