REGİONLAR
İLƏ YEKUN VURULMUŞDUR
Sumqayitda şəhər icra hakimiyyətinin ötən ilki fəaliyyətinin yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.
“2001-ci ildə Sumqayıtın sosial-iqtisadi inkişafının yekunları və 2002-ci ildə qarşıda duran vəzifələr haqqında” məruzə ilə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Təvəkkül Məmmədov şəhərin bütün sahə və strukturlarının fəaliyyətini geniş araşdıraraq bildirmişdir ki, sumqayıtlılar Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sumqayıta səfəri zamanı Etilen-polietilen zavodundakı buxar generatorunun açılış mərasimində söylədiyi proqram xarakterli nitqində irəli sürülmüş vəzifələri əsas tutaraq müəyyən nəticələr əldə etmişlər.
Sənaye, inşaat, nəqliyyat və telekommunikasiya, şəhər təsərrüfatı xidməti və sosial sahənin inkişafının əsas istiqamətlərini şəhər büdcəsinin icrasını əhatə edən proqram bütövlükdə yerinə yetirilmişdir. Yüngül sənaye və inşaat materialları müəssisələrində böhranın aradan qaldırılmasında uğurlar daha çoxdur. Belə ki, uzun müddət boş dayanmış “Xovlu iplik”, “Sumqayıt-toxucu”, “Sumqayıt polimer” açıq tipli səhmdar cəmiyyətlərinin və şüşə zavodunun fəaliyyəti bərpa olunmuşdur. Bununla da 4 mindən artıq adam işlə təmin edilmişdir. Qara və əlvan metallurgiya müəssisələrində əmək haqqı borcları xeyli azalmışdır.
Bununla yanaşı, kimya müəssisələrinin fəaliyyəti və onların rəhbərlərinin qeyri-qənaətbəxş işi kəsgin tənqid olunmuşdur.
Məruzəçi demişdir ki, ötən müddət ərzində sahibkarlığın inkişafına böyük diqqət yetirilmişdir. İqtisadiyyatda, nəqliyyatda, xidmət sahəsində və şəhər büdcəsinin mədaxil hissəsində özəl bölmənin xüsusi çəkisi nəzərəçarpacaq dərəcədə artmışdır.
Müzakirələrdə çıxış edənlər konkret misallara əsaslanaraq, icra hakimiyyətinin fəaliyyətini müsbət qiymətləndirmiş, hüquq-mühafizə orqanlarının sənaye müəssisələrinin təsərrüfat fəaliyətinə əsassız müdaxiləsi faktlarının aradan qaldırılması sahəsində görülmüş tədbirlərin səmərəliliyini vurğulamışlar.
Şəhərin abadlaşdırılmasına xüsusi diqqət yetirildiyi ayrıca qeyd olunmuşdur. Yaşıllıqların sahəsi genişləndirilmiş, mühəndis kommunikasiyalarında mühüm işlər görülmüş, Hacı Zeynalabdin Tağıyev adına qəsəbədə müasir ATS istifadəyə verilmişdir. Son vaxtlar vətəndaşların yuxarı dövlət orqanlarına müraciətlərinin sayı kəskin surətdə azalmışdır ki, bu da icra hakimiyyəti və onun strukturları tərəfindən vətəndaşların sorğu və ehtiyaclarına diqqətin artırıldığını göstərir.