İlin əvvəlindən Şəkidə 16 subartezian quyusu qazılıb
Şəki, 23 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidentinin “Şəki rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 fevral tarixli Sərəncamına əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən bu il Şəkidə 18 subartezian quyusunun qazılması nəzərdə tutulurdu. Sərəncamın icrası çərçivəsində Şəki şəhərində və kəndlərdə 16 subartezian quyusunun qazıntısı işləri artıq yekunlaşıb. Eyni zamanda, qazılan quyulardan 6-sında elektrik avadanlığının quraşdırılması işləri başa çatdırılıb, 10 quyuda isə bu işlər davam etdirilir. Bu günlərdə rayonun Kiçik Dəhnə kəndində də yeni subartezian quyusunun qazılmasına başlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Sabir Əhmədov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, Sərəncamın icrası üzrə Baş Göynük kəndində qazıntısı yarımçıq qalan subartezian quyusunda da işlər başa çatdırılacaq. Ümumiyyətlə, bu quyuların hamısının cari ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Yeni subartezian quyularının istismara verilməsi nəticəsində 116 min nəfərdən çox əhalinin yaşadığı 15 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək.