İmişlidə bir neçə obyekt yanıb
İmişli, 23 iyun, AZƏRTAC
İmişli rayonunda bir neçə obyektdə yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə İmişli şəhər Nəcməddin Savalanov küçəsində qeydə alınıb. Sözügedən ünvandakı obyektlərin dam örtüyündə başlayan yanğın qısa müddətdə genişlənib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, alovun ətraf tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı telefon və geyim mağazası, həmçinin bərbərxana yanaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Aydın Yavərzadə