Moldovada mer olan soydaşımız: Məqsədim Orxeyi ölkənin ən yaxşı şəhərinə çevirməkdir MÜSAHİBƏ
Kişineu, 23 iyun, AZƏRTAC
Moldovada yaşayan soydaşımız, Moldova Azərbaycanlıları Konqresinin vitse-prezidenti Ramiz Ansarov Orxey şəhərinin meri seçiləndən sonra şəhərin inkişafı və vətəndaşların problemlərinin həlli üçün sakinlərlə aktiv görüşlər təşkil edir. AZƏRTAC-a müsahibəsində Ramiz Ansarov gələcək planlar haqqında danışıb.
- Mer kimi fəaliyyətə başlayandan sonra əsas prioritetləriniz hansılardır?
- Hazırda əsas işim şəhərin problemlərini yaxından təhlil etmək, sakinlərlə intensiv görüşüb, onların problemlərini dinləməkdir. Şəhərin maliyyə vəziyyətini araşdırırıq, yeni maliyyə imkanları üçün layihələrin həyata keçirilməsinə çalışırıq. Orxey sakinlərini eşitmək üçün onların arasında olmaq əsas prioritetimdir. Əgər şəhərin problemləri illərlə həll olunmamış qalırsa, mən şəxsən bu barədə onların özündən eşitmək istəyirəm. Yollar sıradan çıxıb, həyətlər baxımsız qalıb. Su, işıqlandırma, sanitariya və təhlükəsizliklə bağlı məsələlərin heç biri ofisdə həll olunmur. Vətəndaşların görüşündən sonra hər bir sorğu üçün təlimatlar verirəm.
- Görüşlərdə sakinlər daha çox hansı problemləri qaldırırlar?
- Bilirsiniz, şəhərin inkişafı tək merdən və rəhbərlikdən asılı deyil. Şəhərdə nizam-intizam istəyiriksə, hər kəs işini öz həyətindən başlamalıdır. Əsas məqsədim Orxey şəhərini həyat səviyyəsinə və maliyyə imkanlarına görə Moldovanın ən yaxşı şəhərinə çevirməkdir. Bu, mer kimi əsas real hədəfimdir. Ölkənin digər şəhərləri üçün nümunə olmaq şansımız var. Bunun üçün yolların və nəqliyyat sisteminin yenilənməsinə, keyfiyyətli bələdiyyə xidmətlərinə və rahat şəhər mühitinin formalaşdırılmasına xüsusi diqqət yetirəcəyik. Mühüm prioritetlərdən biri investisiyaların cəlb edilməsi və yeni müəssisələrin yaradılmasıdır ki, bu da sakinlərimizi işlə təmin edəcək və şəhər büdcəsini artıracaq. Mən nəticə üçün işləməyə gəlmişəm və göstərilən etimadı hər bir Orxey sakininin görə biləcəyi konkret dəyişikliklərlə doğrultmaq niyyətindəyəm.
- Yeri gəlmişkən, planda Azərbaycandan da investorların cəlb edilməsi varmı?
- Əlbəttə, bu haqda artıq ilkin müzakirələr aparılıb. Bu yaxınlarda Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramovun təşəbbüsü ilə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin rəsmiləri ilə görüşüm oldu. Nümayəndə heyəti şəhərin vəziyyəti, hansı çətinliklərlə üzləşdiyini və hansı sahələrdə əməkdaşlığın real fayda verə biləcəyini birbaşa öyrənmək imkanını əldə etdi. Bu, Orxey üçün vacib bir görüş idi. Şəhər təşkilatları, etnik icmalar və şəhərin inkişafına töhfə vermək istəyən tərəfdaşlar daxilində biznesdə iştirak etməli və fəal olmalıyıq. Bu cür əlaqələr konkret nəticələr verə bilər. Mədəni layihələr, sosial təşəbbüslər, biznes tərəfdaşlıq, investisiya marağı Orxeyin inkişafına təsir edən amillərdir. İnanıram ki, şəhərin açıq əlaqələri və güclü tərəfdaşlıqları nə qədər çoxalarsa, imkanları da bir o qədər çox olar. Hər bir əlaqənin, hər bir tərəfdaşlığın və fürsətin Orxey və onun sakinlərinin xeyrinə işləməsi üçün əlimdən gələni edəcəyəm.