Ekspert: Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı regional tranzit və enerji layihələrinə yeni təkan verir
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycanla Türkmənistan arasında münasibətlər son illər strateji xarakter almağa başlayıb. Xüsusilə 2020-ci ildən sonra ikitərəfli əlaqələrin inkişafı müsbət istiqamətdə sürətlənib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib.
O bildirib ki, tərəflər strateji əhəmiyyət daşıyan əməkdaşlığı daha da inkişaf etdirməkdə qərarlıdırlar.
“Azərbaycan və Türkmənistan Xəzər hövzəsində yerləşən, böyük enerji potensialına malik ölkələrdir. Türkmənistan dünyanın ən iri qaz ehtiyatlarına sahib dövlətlərindən biridir. Azərbaycan isə Şərq-Qərb nəqliyyat dəhlizində Türkmənistan üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan iki ölkə arasında əməkdaşlığın geniş perspektivləri mövcuddur. Xüsusilə enerji, nəqliyyat-logistika, ticarət, gəmiçilik və tranzit sahələrində əməkdaşlıq potensialı böyükdür. Türkmənistanın özü də Şərq-Qərb nəqliyyat dəhlizinin üzərində yerləşir və Azərbaycan bu marşrutun əsas elementlərindən biridir”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, Türkmənistan üçün Azərbaycanın inkişaf etmiş nəqliyyat infrastrukturundan tranzit məqsədləri ilə istifadə etmək maraqlıdır: “Eyni zamanda, Azərbaycanın neft və qaz ixracı infrastrukturu yüksək səviyyədə inkişaf edib ki, bu da Mərkəzi Asiya ölkələri üçün əlavə imkanlar yaradır. Azərbaycan üçün isə bu əməkdaşlıq tranzit gəlirlərinin artması baxımından əhəmiyyətlidir. Bununla yanaşı, ixrac və nəqliyyat infrastrukturuna yatırılmış böyük investisiyaların rentabelliyi və gəlirliliyi daha da yüksələ bilər. Bu proses həm də iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə töhfə verəcək”.
X.Kərimli qeyd edib ki, Xəzər dənizində birgə layihələrin həyata keçirilməsi üçün də geniş imkanlar mövcuddur: “Türkmənistan qazının gələcəkdə Azərbaycanın Cənub Qaz Dəhlizi infrastrukturu vasitəsilə beynəlxalq bazarlara çıxarılması perspektivləri kifayət qədər genişdir. Trans-Xəzər layihələrinin həyata keçirilməsi Mərkəzi Asiya ölkələri üçün alternativ ixrac marşrutu yarada bilər və Azərbaycanın bu istiqamətdə rolunu daha da gücləndirər.
Ticarət dövriyyəsinin artırılması üçün də böyük potensial mövcuddur. İndiyədək Azərbaycanla Türkmənistan arasında ticarət və investisiya əlaqələri mövcud imkanlara uyğun səviyyədə inkişaf etməyib. Buna görə də, bu sahədə geniş inkişaf perspektivləri var. Qarşılıqlı investisiyaların təşviqi və gömrük prosedurlarının sadələşdirilməsi hər iki istiqamətdə investisiya axınının artmasına səbəb ola bilər.
Eyni zamanda, gömrük, tranzit və logistika prosedurlarının asanlaşdırılması, eləcə də aidiyyəti qurumlar arasında əlaqələrin gücləndirilməsi tranzit imkanlarını genişləndirə bilər. Beləliklə, ölkələr təkcə öz aralarında deyil, həm də ərazilərindən keçən marşrutlar vasitəsilə digər dövlətlərlə ticarət əlaqələrini daha səmərəli şəkildə inkişaf etdirə bilərlər”.
Ekspert vurğulayıb ki, əsas məqam son 5-6 ildə Azərbaycan və Türkmənistan arasında formalaşan yüksəksəviyyəli münasibətlərdir.
“2020-ci ilə qədər reallaşdırılmayan, lakin böyük iqtisadi potensiala malik layihələrin həyata keçirilməsi üçün hazırda daha geniş imkanlar yaranıb. Bu isə gələcəkdə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradacaq”,- deyə o qeyd edib.