Şərəfli ömrün dastanı: professor Mədəd Çobanovun xatirəsi anılıb
Bakı, 23 iyun, AZƏRTAC
Gürcüstanda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə soydaşlarımızın kompakt halda yaşadığı Bolnisi bələdiyyəsinin mərkəzində tanınmış dilçi-alim, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Professor Mədəd Çobanovun oğlu Müşfiq Borçalı (Çobanov) AZƏRTAC-a bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd tanınmış alimin zəngin elmi irsinin təbliği, onun həyat və yaradıcılığının gənc nəslə tanıdılması olub.
Tədbir iştirakçıları əvvəlcə Mədəd Çobanovun elmi yaradıcılığını əks etdirən, həmçinin onun haqqında yazılmış bədii və elmi tədqiqat materiallarının yer aldığı yeni nəşr olunmuş kitablardan ibarət sərgi ilə tanış olublar.
Mərkəzin direktoru Rezo Həsənov Mədəd Çobanovun şərəfli ömür yolu, zəngin elmi yaradıcılığı, geniş elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında ətraflı məlumat verib.
Mədəd Çobanovun yetirməsi Tahirə Əliyeva vaxtilə ali məktəbdə ona dərs demiş alimin mənalı həyat yolu, geniş elmi yaradıcılığı, ana dilimizə, milli mədəniyyətimizə və türkologiya elminə verdiyi dəyərli töhfələr barədə geniş təqdimatla məruzə edib.
Tədbirdə müəllimlər, ziyalılar, mərhum alimin tələbələri, ailə üzvləri və Darvaz ictimai məktəbinin şagirdləri akademik Mədəd Çobanovla bağlı xatirələrini bölüşüblər.
Gürcüstan Parlamentinin iki çağırış deputatı olmuş tanınmış tarixçi-alim və ictimai xadim Ramiz Bəkirov, Bolnisinin fəxri vətəndaşı, Faxralı ictimai məktəbinin müəllimi Bayram Abbasov, Kəpənəkçi və Darvaz ictimai məktəbinin müəllimi Zakir Məmmədov, akademik Mədəd Çobanovun vaxtilə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji Universitetində çalışdığı illərdə dərs dediyi keçmiş tələbələrindən Tinatin Əliyeva, Kifayət Cəfərli, Minarə Gərəkova, Nənəxanım Bayramova və başqaları mərhum alimlə bağlı xatirələrini söyləyiblər, onun Azərbaycan elminə və türkologiyaya əvəzsiz töhfələr verdiyini, zəngin elmi və mənəvi irs qoyub getdiyini vurğulayıblar. Çıxışlarda akademikin gənclərin savadlı, vətənpərvər və geniş dünyagörüşlü yetişməsi naminə yazdığı kitabların, həmçinin ona həsr olunmuş əsərlərin, çoxsaylı məqalələrin və şeirlərin əhəmiyyətindən də bəhs olunub.
Daha sonra Darvaz ictimai məktəbinin yuxarı sinif şagirdləri Mələk Bayramova, Gülandam Səfərova, Aytac Bayramova, Məryəm Aslanova, Süphanə Bayramova və Nərgilə Musayeva akademik Mədəd Çobanovun həyat və yaradıcılığına həsr olunmuş şeirlər səsləndiriblər, hazırladıqları təqdimatları tədbir iştirakçılarına təqdim ediblər.