Nazir müavini: Vaxtında səpin, becərmə və yığım texnikanın mövcudluğundan asılıdır
Qax, 23 iyun, AZƏRTAC
Müasir suvarma sistemləri ilə təchiz olunmuş əkin sahələri üçün fermerlərə əlavə subsidiya verilir. Hazırda bu məbləğ hər hektara görə 60 manat təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Qax rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə çıxışı zamanı kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.
Onun sözlərinə görə, bu dəstək fermeri daha qənaətli suvarma texnologiyalarına keçməyə stimullaşdırır.
“Müasir suvarmanın üç əsas nəticəsi var: birincisi, sudan səmərəli istifadə olunur; ikincisi, məhsuldarlıq artır; üçüncüsü, ümumi istehsal həcmi yüksəlir. Bu, həm fermerin gəlirinə, həm də ölkənin ərzaq təminatına birbaşa təsir göstərir. Şəki-Zaqatala iqtisadi rayonu üçün bu məsələ xüsusilə vacibdir. Çünki regionun kənd təsərrüfatı potensialı böyükdür, amma bu potensialın tam reallaşması suvarma infrastrukturunun düzgün qurulmasından, kanalların işlək vəziyyətdə saxlanılmasından, daxili şəbəkələrin formalaşdırılmasından və fermerin müasir suvarma sistemlərinə çıxışından asılıdır. Mühüm istiqamətlərdən biri də texnika təminatının yaxşılaşdırılmasıdır. Bu gün məhsuldarlığın artırılması üçün müasir texnika ilə təminat əsas şərtlərdən biridir. Vaxtında səpin, vaxtında becərmə, vaxtında yığım - bunların hamısı texnikanın mövcudluğundan və onun düzgün idarə olunmasından asılıdır”, - deyə Zaur Əliyev vurğulayıb.
Dövlət Proqramında 22 rayon üçün kombayn parkının 500 ədəddən çox yeni kombaynla yenilənməsi nəzərdə tutulduğunu deyən nazir müavini bunun taxılçılıqda məhsul itkilərinin azaldılması və yığım prosesinin optimal müddətdə başa çatdırılması baxımından mühüm addım olduğunu sözlərinə əlavə edib: “Torpaq resurslarından səmərəli istifadə Proqramın əsas istiqamətlərindən biridir. Bu sahədə ən mühüm texnologiyalardan biri lazer hamarlama, yəni lazer mala texnologiyasıdır. Lazer hamarlama torpağın səthinin bərabər formada hazırlanmasını təmin edir. Bu texnologiya suvarmanın daha bərabər aparılmasına, su itkilərinin azalmasına, torpağın şoranlaşma riskinin aşağı düşməsinə, toxumun daha bərabər çıxış verməsinə və nəticədə məhsuldarlığın artmasına şərait yaradır. Dövlət Proqramında lazer hamarlama texnologiyasının tətbiqi üçün subsidiya mexanizminin tətbiqi nəzərdə tutulur. Ümumilikdə 22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır. Bu, xüsusilə suvarılan taxıl sahələri üçün çox vacibdir. Çünki sahə düzgün hamarlanmadıqda su bir hissədə yığılır, digər hissəyə çatmır. Nəticədə bir yerdə bitki boğulur, başqa yerdə susuz qalır. Lazer hamarlama isə suvarmanın səmərəliliyini artırır və sahənin bütün hissələrində bərabər inkişaf üçün şərait yaradır. Fermerlərə bu istiqamətdə tövsiyəmiz ondan ibarətdir ki, iri sahələrdə, xüsusilə 5 hektardan yuxarı əkinlərdə lazer hamarlama texnologiyasının tətbiqinə ciddi yanaşsınlar. Bu, ilk mərhələdə xərc kimi görünə bilər, lakin suya qənaət, məhsuldarlıq artımı və torpağın uzunmüddətli qorunması baxımından iqtisadi cəhətdən səmərəli yanaşmadır”.
Müxbir – Mustafa Dadaşov