“Shell” 100 milyon dollarlıq layihəsinin icrasını “Nobel Energy”nin törəmə şirkətinə həvalə edib
Bakı, 23 iyun, AZƏRTAC
“Nobel Energy”nin törəmə şirkəti, mühəndislik, satınalma, tikinti (EPC), istehsal, istismar və texniki xidmət sahələrində fəaliyyət göstərən aparıcı xidmət təminatçısı “Audubon Companies”, “Shell”in dənizdəki mövcud üst tikili (topsides) layihələri üzrə mühəndislik və satınalma xidmətləri təchizatçısı seçilib.
“Nobel Energy”dən AZƏRTAC-a bildirilib ki, hər bir layihənin ümumi quraşdırma dəyəri 100 milyon dollara qədər nəzərdə tutulur.
Müqavilə “Shell”in ABŞ-nin Meksika Körfəzində yerləşən bütün dərin sulu aktivlərini əhatə edir. “Audubon” enerji hasilatının artırılması və aktivlərin istismar müddətinin uzadılması məqsədilə, texniki xidmət və modernləşdirmə layihələrinə fokuslanacaq.
Bu əməkdaşlıq “Nobel Energy” qrupunun beynəlxalq enerji sektorunda həyata keçirdiyi inkişaf strategiyasının növbəti nəticəsidir. Layihə qrupun mühəndislik və texniki xidmət sahələrindəki güclü potensialını nümayiş etdirməklə yanaşı, “Audubon”un strateji bazarlardakı fəaliyyətinin genişləndirilməsi istiqamətində atılmış mühüm addım hesab olunur.
“Nobel Energy”nin baş icraçı direktoru Vüqar Səmədli deyib: “Shell” kimi dünyanın aparıcı enerji şirkətlərindən biri tərəfindən bu layihə üçün seçilməyimiz qrupumuzun mühəndislik və texniki xidmət sahələrindəki peşəkarlığının, etibarlılığının və beynəlxalq təcrübəsinin göstəricisidir. Bu əməkdaşlıq “Nobel Energy” qrupunun qlobal enerji bazarlarındakı mövqeyinin daha da möhkəmlənməsinə töhfə verməklə yanaşı, gələcək inkişaf və yeni tərəfdaşlıq imkanları üçün mühüm zəmin yaradır”.
“NEQSOL Holding”in bir hissəsi olan “Nobel Energy” dayanıqlı və aşağı karbonlu gələcəyə doğru qlobal keçidə töhfə verməyə sadiq olan Kompleks Enerji İstehsalı, İnkişafı və Xidmətləri Şirkətidir. Sınanmış təcrübəsindən, kompleks həllərdən, qabaqcıl texnologiyadan, strateji tərəfdaşlıqlardan istifadə etməklə və innovasiyaya güclü diqqət ayırmaqla, “Nobel Energy” bütün dünyada mürəkkəb və dayanıqlı infrastruktur layihələrinin həyata keçirilməsində etibarlı tərəfdaş kimi tanınıb.
Qeyd edək ki, “Nobel Energy” Azərbaycanda bərpaolunan enerji layihələrinin inkişafında da iştirak edir və Energetika Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Cəbrayıl rayonunda 100 meqavat, Naxçıvan Muxtar Respublikasında isə 400 meqavat gücündə Günəş elektrik stansiyalarının tikintisini nəzərdə tutan layihələr həyata keçirir. Bundan əlavə, şirkət SOCAR AQŞ-nin təsisçilərindən biri kimi ölkənin neft-qaz sektorunun inkişafına töhfə verir.