İncəsənət məktəbinin şagirdləri ölkəmizi beynəlxalq müsabiqədə təmsil edib
Bakı, 27 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin şagirdləri ölkəmizi beynəlxalq müsabiqədə uğurla təmsil edib.
Məktəbdən AZƏRTAC-a bildirilib ki, Finlandiyanın Hyuvinka şəhərində uşaq və gənclər arasında keçirilən “Together” XVI Beynəlxalq İncəsənət Müsabiqə-Sərgisində təhsil ocağının şagirdləri - Emil Abdullayevin “Qara qızılın nəğməsi” və Mikayıl Məmmədzadənin “Mənim asudə vaxtım” adlı rəsm əsərləri müsabiqənin diplomuna layiq görülüb.
Dünyanın 66 ölkəsindən 6 min 800 sənət əsərinin nümayiş olunduğu müsabiqə-sərgi uşaqların mədəniyyət və incəsənət təhsilinin inkişaf etdirilməsi ilə yanaşı, onların multikultural dünyada bərabərliyini dəstəkləmək məqsədi daşıyır.
Müsabiqədə qalib gələn əl işləri 2018-ci ilin yanvarın sonunadək Finlandiyanın müxtəlif rəsm salonlarında sərgilənəcək.