İNDONEZİYA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜDAİM DƏSTƏKLƏYƏCƏKDİR
Ölkələrimiz arasında əlaqələrin inkişafının müzakirə edildiyi görüşdə səfir İ.Hacıyev, Azərbaycanda sonuncu parlament seçkilərindən sonra Milli Məclisdə yaradılmış Azərbaycan-İndoneziya parlamentlərarası işçi qrupu barədə məlumat vermiş, müvafiq qrupun İndoneziya parlamentində də yaradılmasını təklif etmişdir. Səfir ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin genişləndirilməsi baxımından parlament sədrlərinin və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin vacibliyini vurğulamışdır.
İ.Hacıyev ölkəmizdə demokratiyanın və iqtisadiyyatın inkişafı istiqamətində qazanılmış uğurların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi olduğunu diqqətə çatdırmışdır.
Respublikamızın beynəlxalq aləmdə artan nüfuzundan, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Qars-Axalkalaki-Tbilisi-Bakı enerji və nəqliyyat layihələrində, habelə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətində Azərbaycanın aparıcı rolundan söz açan İbrahim Hacıyev, Ermənistanın Azərbaycana hərbi təcavüzü, işğal olunmuş ərazilərdə erməni silahlılarının törətdikləri vəhşiliklər, o cümlədən yanğınlar, ölkəmizin rəhbərliyinin münaqişənin həlli istiqamətində apardığı danışıqlar barədə məlumat vermişdir. Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsində İndoneziyanın dəstəyinə görə minnətdarlıq etmişdir.
Azərbaycan diplomatı İndoneziyanın 2007-2008-ci illər üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə həmsöhbətini təbrik etmiş, İndoneziyanın dünyada mövcud münaqişlərin, o cümlədən Dağlıq Qarabağ probleminin həlli üçün daha çox səy göstərəcəyinə ümidvar olduğunu demişdir.
Rəhbərlik etdiyi qurum barədə məlumat verən A.Laksono, qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırmış, İndoneziya parlamentində Azərbaycanla bağlı işçi qrupun yaradılacağını vəd etmişdir.
İndoneziya Nümayəndələr Palatasının sədri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyəcəyini bildirmişdir.