İndoneziya mediası 74-cü Beynəlxalq Astronavtika Konqresini geniş işıqlandırıb
Pekin, 8 oktyabr, AZƏRTAC
Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresi İndoneziya mətbuatında geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, İndoneziyanın ANTARA dövlət xəbərlər agentliyi, RRI dövlət radiosu və digər mötəbər media qurumları Azərbaycan səfirliyinin müşaviri Leyla Atayevanın verdiyi məlumatlara istinadla Beynəlxalq Astonavtika Konqresinə dair materiallar yayıblar. Həmin xəbər və məqalələrdə konqres, onun əhəmiyyəti barədə geniş məlumat verilib, bu tədbirin 1973-cü ildən sonra Bakıda ikinci dəfə keçirildiyi, astronavtika sahəsi üzrə müxtəlif ölkələrdən çoxsaylı nüfuzlu mütəxəssislərin, alimlərin, bir çox dövlətlərin müvafiq qurumlarının nümayəndə heyətlərinin iştirak etdiyi vurğulanıb. Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresinin bir sıra göstəricilərə, o cümlədən təqdim olunmuş elmi məqalələrin sayına görə əvvəlki oxşar tədbirləri arxada qoyduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, tədbir astronavtika sahəsinin Azərbaycanda daha da inkişafına təkan verəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin