İndoneziyada Xocalı faciəsinin qurbanlarının xatirəsi anılmışdır
Bakı, 21 fevral, (AZƏRTAC). İndoneziyada fəaliyyət göstərən Pribadi türk məktəbində Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Azərbaycanın İndoneziyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə bu ölkənin müxtəlif təhsil ocaqlarının professor-müəllim heyəti, tələbələr və KİV təmsilçiləri iştirak etmişlər.
Tədbir çərçivəsində Xocalı soyqırımına dair fotoşəkillər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətləri əks etdirən kitab və nəşrlərdən ibarət sərgi də təşkil edilmiş, "The Khojaly Genocide" filmi nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən səfir Tamerlan Qarayev, Pribadi məktəbinin direktoru Sudarman S.Sos, İndoneziyanın "YENBU" Fondunun nümayəndəsi Paşa İvgen və "Xocalıya ədalət" beynəlxalq kampaniyasının bu ölkədəki əlaqələndiricisi İmas Fuciati 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılara qarşı törədilmiş misli görünməmiş Xocalı soyqırımı barədə məlumat vermişlər.
Tədbir iştirakçıları "Xocalıya ədalət" kampaniyasının www.justiceforkhojaly.org internet saytında yerləşdirilmiş bu soyqırımın insanlığa qarşı cinayət kimi qiymətləndirilməsi ilə bağlı müraciətə qoşulmağa dəvət edilmişlər.
Sonda iştirakçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə səfirlik tərəfindən hazırlanmış kitablar və digər məlumatlar təqdim edilmişdir.