ELM VƏ TƏHSİL
İndoneziyanın sabiq xarici işlər naziri Azərbaycan Dillər Universitetində olmuşdur
Bakı, 8 oktyabr (AZƏRTAC). İndoneziyanın sabiq xarici işlər naziri, İndoneziyanın Prezident Məsləhətçiləri Şurasının üzvü, Sülh və Demokratiya İnstitutunun himayədarı Hassan Virajuda Azərbaycan Dillər Universitetində (ADU) olmuşdur.
Universitetdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən danışmışdır.
ADU ilə İndoneziyanın universitetləri arasındakı əlaqələri yüksək qiymətləndirən rektor, tələbə və müəllimlərin İndoneziya dilinə və mədəniyyətinə böyük maraq göstərdiklərini, ADU-da bu ölkənin mədəniyyətinin, tarixinin və dilinin öyrənildiyini qonağın diqqətinə çatdırmışdır. İndoneziya səfirliyi ilə əməkdaşlıq çərçivəsində universitetdə həmin ölkənin mədəniyyətinə aid müxtəlif tədbirlərin, sərgilərin təşkil olunduğunu vurğulamışdır.
İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycana gəldiyini deyən H.Virajuda bu beynəlxalq tədbiri yüksək qiymətləndirdiyini və xalqlar arasında mədəni dialoqun vacibliyini qeyd etmişdir. O, Azərbaycan və İndoneziya arasında müəyyən oxşarlıqların olduğunu, ölkəmizin gündən-günə inkişaf etdiyini bildirmişdir. Qonaq Bakının əsrarəngiz gözəlliyinə heyran qaldığını xüsusilə vurğulamışdır.
Sonra indoneziyalı qonaq universitetin İndoneziya Araşdırmalar Mərkəzində ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində indoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşmüşdür. O, tələbələr qarşısında çıxış etmiş, onların suallarını cavablandırmışdır.
Görüşdə İndoneziyanın Azərbaycandakı səfiri Raden Prayono Atiyonto və səfirliyin əməkdaşları iştirak etmişlər.