“İnformasiya cəmiyyətinin təməli – gənclər və elektron hökumət” layihəsinə başlanılıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Elektron Hökumət Təlim-Tədris Mərkəzinin və Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyasının birgə təşkilatçılığı ilə “İnformasiya cəmiyyətinin təməli - gənclər və elektron hökumət” layihəsinə başlanılıb.
Layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində 3 ay ərzində elektron hökumət həllərinin istifadəsinə həsr edilən silsilə təlimlərin keçirilməsi, elektron xidmətlərdən istifadə barədə gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin məlumatlandırılması nəzərdə tutulur.
Ölkənin 13 regionunu əhatə edəcək təlimlərin keçirilməsində əsas məqsəd gənclərin və gənclər təşkilatlarının ən çox istifadə etdiyi e-xidmətlər üzrə biliklərinin artırılmasıdır. Təlimlərdə Gənclər Təşkilatları Milli Şurası və Gənc Sahibkarlar Şəbəkəsinə üzv təşkilatların nümayəndələrinin fəal iştirakı gözlənilir.
Hər təlim qrupu 4 gün ərzində “www.e-gov.az” portalı haqqında giriş, “E-imza istifadəsinin texniki və hüquqi aspektləri”, “Məcburi dövlət sosial sığortası hesabatlarının təqdim edilməsi e-xidməti”, “Vergilər sahəsi üzrə e-xidmətlər”, “Rəsmi statistik məlumatların təqdim edilməsi üzrə e-xidmətlər” və “Gömrük bəyannamələrinin və hesabatların yerinə yetirilməsi üzrə e-xidmətlər” mövzularını əhatə edəcək.
Təlimlərdə iştirak edənlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları təqdim olunacaq.
Layihədə iştirak etmək istəyən gənclər https://goo.gl/ux1JiU linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Ətraflı məlumat üçün [email protected] ünvanı və (012) 505 01 13; (077) 505 01 13 nömrələri ilə əlaqə saxlamaq olar.