İnformasiya texnologiyaları sahəsində Azərbaycan-İsrail əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir
Bakı, 17 may (AZƏRTAC). İnformasiya texnologiyaları sahəsində ölkələrimiz arasında gələcək əməkdaşlığı inkişaf etdirmək çox əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Azərbaycanın İsraildəki səfiri Mixael Lavon Lotem bildirmişdir. Azərbaycan və İsrail arasında siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu xatırladan diplomat bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
M.L.Lotem İsrailin rabitə nazirinin müavini Eden Bar Talın başçılığı ilə bu ölkənin 8 informasiya texnologiyaları şirkətinin təmsilçilərindən ibarət nümayəndə heyətinin hazırda Bakıda səfərdə olduğunu diqqətə çatdırmış, İsrailin rabitə nazirinin Bakıya səfərinin bu ilin axırınadək nəzərdə tutulduğunu bildirmişdir. Səfir demişdir: “Biz onun səfərini may ayına planlaşdırmışdıq, lakin başqa vaxta keçirməli olduq. Ümidvaram ki, nazir bu ilin axırınadək Azərbaycana gələcəkdir”. Səfir əlavə etmişdir ki, Bakutel sərgisində iştirak etmək üçün Bakıya İsrail nümayəndə heyətinin səfəri planlaşdırılır.
İsrail səfiri M.Lavon Lotem “Eurovision-2011” müsabiqəsində qələbə münasibətilə Azərbaycan xalqını təbrik edərək demişdir: “Çox gözəl çıxış idi. Ümidvaram ki, gələn il bizim də bəxtimiz gətirəcəkdir. Dünyanın aparıcı KİV-lərində Azərbaycanın qələbəsinin geniş işıqlandırılmasını görmək olduqca xoş idi”.