ELM VƏ TƏHSİL
İnkişaf və Diplomatiya İnstitutunun “Xəzər Hövzəsi Araşdırmaları” proqramı fəaliyyətə başlayıb
Bakı, 12 may, AZƏRTAC
ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (IDD) İxtisasartırma Proqramları tərəfindən təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı fəaliyyətə başlayıb. Proqramda ölkəmizə yeni təyin olunmuş xarici diplomatlar iştirak edirlər.
Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, Argentina, Çexiya, Əlcəzair, Fələstin, Qırğızıstan, Meksika, Niderland Krallığı, Özbəkistan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyəni təmsil edən 10-dan çox iştirakçı proqram vasitəsilə Xəzər regionu ilə yaxından tanış olacaqlar.
Açılış mərasimində ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə çıxış edərək proqramın müxtəlif ölkələri təmsil edən diplomatları bir araya gətirdiyini qeyd edib.
“Proqram xarici diplomatlara ölkəmizi daha yaxından tanıtmaqla yanaşı, onları Xəzəryanı ölkələrin infrastruktur və logistika imkanları, ticarət əlaqələri və digər əhəmiyyətli istiqamətlər üzrə məlumatlandırır”, - deyə prorektor İsmayılzadə əlavə edib.
Proqramın meneceri Çinarə Məmmədli proqramın “İqtisadiyyat və inkişaf”, “Xarici siyasət, geosiyasət və təhlükəsizlik”, “Siyasət, din və cəmiyyət”, “Enerji və ətraf mühit” mövzularını əhatə edən dörd moduldan ibarət olduğunu bildirib.
Açılış nitqini dinlədikdən sonra iştirakçılar ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Anar Vəliyevin “Xəzər regionunda vacib tarixi hadisələr” və Kommunikasiya və Rəqəmsal media proqramının direktoru Şəfəq Mehrəliyevanın “Azərbaycanın milli kimliyi” mövzusundakı mühazirələrini dinləyiblər.
Daha sonra diplomatlar ADA Universitetinin kampusu və Kitabxanası ilə tanış olublar.
Proqram çərçivəsində ADA Universitetinin müəllimləri, müxtəlif dövlət qurumlarının və beyin mərkəzlərinin nümayəndələri ölkəmizin siyasi quruluşu, xarici siyasəti, turizm perspektivləri, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə geridönüşü ilə bağlı strategiyası və digər aktual mövzuları əhatə edən mühazirələrlə çıxış edəcəklər.
Qeyd edək ki, proqram çərçivəsində diplomatlar Xəzər regionunun tarixi, geostrateji mövqeyi və iqtisadi imkanları barədə ətraflı məlumatlandırılacaqlar.